30 iyun 2020 13:20
222

Ölkə başçısının xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır

COVİD-19 pandemiyasının bütün dünyada yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınır, virus təhlükəsi ucbatından bir çox ölkə lideri əhali ilə təmaslarını belə dondurublar. Koronavirus pandemiyası çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Lakin sevindirici haldır ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Dünyada COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid tədbirləri əvəzinə qlobal həmrəyliyə və baxışa böyük ehtiyac var. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Həmçinin Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bununla yanaşı Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür. BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları" adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır.  BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib. Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunmasına dair formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir.

Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Rüfət Əhmədov,

YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri