09 iyul 2020 13:40
1150

Ölkə iqtisadiyyatı: Böhranla mübarizə nələrin hesabınadır?

“...Mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”. Prezident İlham Əliyevin bu günlərdə yerli televiziyalara müsahibəsindəki bu fikir ölkədə makroiqtisadi vəziyyətin qiymətləndirilməsi idi. Başqa sözlə, ölkə başçısı açıq mətnlə bildirdi ki, Azərbaycanın əsas gəlir mənbəyi olan xam neftin qiymətinin ən aşağı qiymətə enəcəyi təqdirdə belə iqtisadiyyat buna tab gətirə biləcək. Çünki bunun arxasında indiyədək yaradılmış böyük iqtisadi-maliyyə potensialı dayanır.

Bu, bir faktdır ki, cari ilin dövlət büdcəsi indiyədək manatla ən böyük məbləğdə büdcədir. Lakin koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq cari ilin ötən dövrü ərzində büdcənin icrası ilə bağlı problemin olmasına rast gəlinməyib. Ən azından ilk 5 ayda hətta Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri istisna olmaqla dövlət büdcəsində 500 milyon manatlıq profisit yaranıb. Hərçənd cari ilin dövlət büdcəsi kifayət qədər böyük məbləğdə -2 milyard 760,2 milyon manatlıq kəsirlə proqnozlaşdırılıb.

Dövlət büdcəsinin icrasında qüsursuzluğun başlıca səbəblərindən biri prioritetlər nəzərə alınmaqla xərclərin təyinatının dəyişdirilməsidir. Digər tərəfdən isə dünya bazarlarında neftin kəskin ucuzlaşmasına baxmayaraq, Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin tam, hətta vaxtından əvvəl icra edilməsi neft gəlirlərinin düzgün idarə edilməsinin göstəricisi hesab edilə bilər. Həmçinin məlum iqtisadi vəziyyətə rəğmən, altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb ediblər. Yəni, neft gəlirlərinin azalmasına rəğmən, vergi-gömrük yığımlarının artıqlaması ilə icra edilməsi qeyri-neft sektorunun imkanlarının göstəricisidir.  

Bundan başqa, xarici valyutada gəlirlərin azalmasına baxmayaraq milli valyutanın məzənnəsi sabit qalmaqdadır. Baxmayaraq ki, cari ilin təkcə birinci  rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 343,5 milyon ABŞ dolları təşkil edib.

Ölkə başçısı sözügedən müsahibəsində onu da bildirib ki, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb: “Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir”.

Neftin qiymətinin kəskin ucuzlaşması ölkədə özünü müxalifət adlandıran bəzi nümayəndələrin mahiyyətini ortaya qoymuş oldu. Burayaözünü müxalifət adlandıran bəzi nümayəndələrin neftin qiymətinin 14 dollara düşməsi münasibətilə bir-birilərini təbrik etmələri aiddir. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə münasibət bildirərək neftin qiymətinin düşməsinə sevinənin birinin Ermənistan, birinin də özünü müxalifət adlandıran antimilli şura olduğunu vurğulayıb: “Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır”.

Ancaq göründüyü kimi, neftin qiyməti 14 dollara düşsə də, nə Ermənistan, nə də özünü müxalifət adlandıran antimilli şura istəklərinə nail ola bilməlidirlər. Hazırda da neftin qiyməti əlverişli səviyyədə olmasa da, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin nəticəsində bu, əhalinin sosial-rifahına təsirsiz ötüşür. Düzdür, neftin qiymətində son dövrdə kəskin dəyişikliklər müşahidə edilməsə də, yaxın müddətdə əvvəlki səviyyəyə çatacağı də gözlənilmir. Həmçinin Azərbaycanın hasilatın azaldılması ilə bağlı OPEK++ təşəbbüsünə qoşulmasını nəzərə alanda, əvvəlki gəlirliliyə çatmaqüçün neftin qiymətində daha böyük artım tələb olunur. Lakin göründüyü kimi, bəzi ölkələrdə bir müddət əvvəl yumşaldılan karantin tədbirlərinin yenidən sərt addımlarla əvəz olunması qiymət artımlarını istisna edir.

Bir sözlə, neftin qiymətinin bir neçə ay əvvəl ən aşağı səviyyələrə enməsi, hətta hazırda da dövlət büdcəsində nəzərdə tutulan səviyyədən aşağı olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı özünün dayanıqlılığını təmin edib və etməkdədir. Bu da bütün bunlar ölkədə həyata keçirilən iqtisadi siyasətin təkcə neft gəlirləri üzərində qurulmadığından, kifayət qədər böyük iqtisadi-maliyyə potensialının mövcudluğundan xəbərverir.

Ceyhun Piriyev, “İki sahil”