28 fevral 2019 18:51
1064

Ölkə vətəndaşına diqqət və qayğının yeni təzahürü

Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır


Ölkəmizdə əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edən sosial siyasət həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən sosial siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. 2019-cu ilin əvvəlindən başlayaraq ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlara start verilib. Bu proses davamlı xarakter daşıyır. Prezident İlham Əliyev nitqində bəyan edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

Müşavirədə dövlətimizin başçısının sosial və iqtisadi məsələlərlə bağlı vurğuladığı ciddi məqamlar artıq reallığa çevrilməkdədir. Cənab İlham Əliyev nitqində bildirib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq.”

Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, son günlər Prezident İlham Əliyev cari ilin əvvəlindən ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, gəlir imkanlarının artırılmasına hədəflənən bir sıra mühüm sənədlər imzalayıb.

Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram icra olunacaq. Bununla yanaşı, şəhid ailələrinin müavinətlərinin artırılması ilə bağlı imzalanan Fərmanla bu kateqoriyadan olan insanların müavinətləri 242 manatdan 300 manata çatdılıldı. Dövlətimizin başçısının vurğuladığı kimi, maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır: “Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300 manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik.”

25 fevral 2019-cu il tarixində Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam və 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd etmək yerinə düşər ki, son 15 ildə Azərbaycanda minimum əməkhaqqı dəfələrlə artırılıb.

Dövlətimizin başçısı adıçəkilən müşavirədə vurğulayıb ki, minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi: “Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır. Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.”

Fevralın 26-da isə Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq. Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramlarının icra ediləcəyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək: “Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir.”

Ölkə Prezidenti İlham Əliyev müşavirədə diqqət yetirdiyi məsələlərdən biri də vətəndaşları narahat edən problemli kreditlərlə bağlı idi: “Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük.” “Hər bir azərbaycanlının Prezidenti” olduğunu bir daha təsdiqləyən dövlətimizin başçısının fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası əhalinin rifah halının yüksəlməsinə, sosial müdafiəsinin yüksəlməsinə və layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənib.

Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bütövlükdə 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Dövlətimizin, ən əsası ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasət xalq tərəfindən yüksək qiymətləndirilir. Bu, ilk növbədə, cənab Prezidentin Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.

Orxan Vahidoğlu, “İki sahil”