25 fevral 2020 10:49
1711

Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb

Ruslan Əliyev: “Azəriqaz” İB-dəki struktur islahatları abonent məmnuniyyətinin daha geniş miqyasda qazanılmasına hesablanıb

Qazlaşdırılmanın sürətləndirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin sosial siyasətinin tərkib hissəsidir

Regionların inkişafında önəmli istiqamətlərdən biri də müasir infrastrukturun yaradılması ilə əhalinin sosial-məişət firavanlığının təmin edilməsidir. Məhz bu prinsipi sosial siyasətinin  prioriteti hesab edən Prezident İlham Əliyevin imzaladığı bir çox Dövlət proqramları bilavasitə ölkənin qaz təsərrüfatının tamamilə yenidən qurularaq müasirləşməsi məsələsini önə çıxarıb. Xüsusən, regionların qaz təminatının yaxşılaşdırılması, “mavi yanacaq”la təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması işi son bir neçə ildə daha böyük vüsət alıb.

Ən başlıcası isə “Azəriqaz” İstehsalat Birliyi (İB) fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin kommunal xidmətlər haqqında çıxışlarını, tapşırıqlarını əsas meyar kimi qəbul edir. Bu isə abonent məmnunluğunun qazanılması, onların təhlükəsiz, fasiləsiz və texnoloji parametrlərə uyğun qazla təminatına hesablanıb. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir.

“Azəriqaz” İB-də qeyd olunan hədəflərdən ən vacibinə isə 2019-cu ilin sonunda nail olunub. Yəni  ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb.  2019-cu ildə “Azəriqaz” İB-də əhali sektoru üzrə 100 mindən çox yeni abonent qeydiyyata alınmaqla artıq ümumi abonentlərin sayı 2 milyon 300 mini keçib.

Digər mühüm məqam isə odur ki “Azəriqaz” İB müasir iş metodlarını və innovativ yenilikləri tətbiq etməklə idarəetməni daha  təkmilləşdirir. Belə ki, ötən həftə  İB-də həyata keçirilən struktur islahatları da məhz bu hədəflərə çatmağa hesablanıb. Belə ki, fevralın 20 -də “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb. Nəticədə Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına Xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Departamenti yenidən formalaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “İki sahil” qəzetinə bildirib ki, Birlikdə müştəri xidmətləri sahəsində şəffaflığın və operativliyin təmin olunması üçün müvafiq işlər görülür. Xüsusilə Prezident İlham Əliyevin ölkədə apardığı islahatlara uyğun hədəflərin düzgün seçilməsinə, yeni çağırışlara cavab verən struktur islahatlarına ehtiyac yaranıb. Ölkənin kommunal xidmətlər sektorunda xüsusi yeri olan və 2 milyon 300 minə yaxın abonenti əhatə edən “Azəriqaz” İstehsalat Birliyi ölkə başçısının qarşıya qoyduğu tapşırıqları qüsursuz yerinə yetirmək üçün strukturunda müəyyən dəyişiklik edib. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürülür. Lakin onların - xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əməkhaqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

Baş direktor xüsusi vurğulayıb ki, aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bugünədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı isə hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla.

Ruslan Əliyevin sözlərinə görə, bütün bu yeniliklər və uğurlu işlər  Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur. Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşma Azərbaycan dövlətinin və onun rəhbəri cənab İlham Əliyevin öz vətəndaşına sosial dəstəyidir.

Elçin Zaman, “İki sahil”