16 yanvar 2020 17:43
660

Ölkəmiz dünyada, o cümlədən regionda sabitlik adasını xatırladır

Elman Nəsirov: Azərbaycan sabit, təhlükəsiz ölkə kimi inkişaf edib və bundan sonra da bu yolla irəliləməkdədir

“Həyata keçirilən tədbirlər, əldə edilən nəticələr bütövlükdə 2019-cu ilin Azərbaycan üçün uğurlu il olduğunu deməyə əsas verir”.

Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki,  xüsusilə dünyada cərəyan edən qorxulu proseslər, tendensiyalar, qanlı toqquşmalar, müharibələr, vətəndaş itaətsizliyi fonunda ötən il Azərbaycanda uğurların əldə edilməsi mühüm hadisədir. Onun sözlərinə görə, Azərbaycan sabit, təhlükəsiz ölkə kimi inkişaf edib və bundan sonra da bu yolla irəliləməkdədir.

“Dünyada cərəyan edən gərginliklər fonunda Azərbaycan öz inkişafını qoruyub saxlaya bilib. Bu baxımdan, ölkəmiz dünyada, o cümlədən regionda, müsəlman aləmində sabitlik adasını xatırladır. Bu, təsadüfi deyil. Azərbaycandakı sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bu amili Prezident İlham Əliyev son müşavirədə xüsusilə vurğuladı. Hakimiyyət-xalq birliyi, xalqın hakimiyyətə, öz Prezidentinə inamı, onu inanılmaz şəkildə dəstəkləməsi, bunun qarşılığında Prezidentin də məhz xalqın mənafeyini, milli-dövlətçilik maraqlarını ifadə edən daxili və xarici siyasət həyata keçirməsi ölkəmizdəki sabitliyi, təhlükəsizliyi, əmin-amanlığı formalaşdırıb. Uğurlu inkişaf, müstəqil siyasət, mehriban qonşuluq və etibarlı tərəfdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir edib. Güclü, daim inkişaf edən ölkə kimi beynəlxalq aləmdə Azərbaycana olan etimad daha da artıb. Bunun nəticəsidir ki, inkişaf etmiş dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Yalnız ötən il 40-dan artıq dövlət və hökumət başçısının Azərbaycana səfər etməsi deyilənlərə əyani misaldır”-deyə, E.Nəsirov qeyd edib.