08 may 2020 16:31
1488

Ölkəmiz pandemiyaya qarşı mübarizədə ona görə nümunə göstərilir ki…

Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə vaxtında və ciddi addımlar atması ölkə əhalisini bu qorxulu xəstəlikdən ən az zərərlə çıxaracaq amil kimi dəyərləndrilir. Xüsusilə bu pandemiyanın qlobal təhlükəsini öncədən görən ölkə rəhbərliyi xarici dövlətlərlə təması vaxtında minumuma endirmək üçün sərhəd- keçid məntəqələrini bağlatdırdı.

Eyni zamanda, mövcud xəstəxanalar pandemiyaya qarşı mübarizə vəziyyətinə gətirildi və xüsusi aparatlarla, təcrübəli tibbi personal ilə təmin edildi. Dərhal xaricdən yüzlərlə süni nəfəsvermə aparatları alındı. Maska və dezinfeksiya məhsullarına olan tələbat yeni açılan müəssiələrin istehsalı ilə aradan qaldırıldı. Bunlara Sumqayıt şəhərində açılan tibbi maska və tibbi spirt müəssisələrini nümunə göstərmək olar.  

Mayın 7-də Prezident İlham Əliyev qısa  müddətdə Bakıda quralan modul tipli xəstəxananın açılışında bu barədə məlumat verdi: «Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir:  Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq «Yeni klinika». Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq».

Qeyd edək ki, Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə həm də ona görə nümunə göstəriləcək hala gəlibdir ki, son 16 ildə ölkəmizdə yüzlərlə müasir tipli xəstəxanalar tikilib istifadəyə verilib. Eyni zamanda həmin xəstəxanlardakı ən müasir və bahalı aparatlarla işləmək üçün gənc həkimlərimiz xarici ölkələrdə kurslar keçiblər. Həmçinin xaricdəki məşhur tibb alimləri ölkəmizə dəvət olunublar. Məhz ötən ay xaricdə təhsil alan və orada işləyən azərbaycanlı tibb işçiləri koronavirus pandemiyası ilə mübarizə üçün ölkəmizə  gətiriliblər.

Azərbaycanda koronavirusa qarşı mübarizədə daha bir uğurlu hadisə isə qısa müddətdə inşa edilən 200 nəfərlik modul tipli xəstəxananın mayın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı oldu. Açılışda çıxış edən ölkəmizin başçısı dedi: « Bu gün biz modul tipli yeni xəstəxananın açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Hər bir xəstəxananın açılışı əlamətdar hadisədir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür. Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi. Əlbəttə, hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.»

 Qeyd edək ki, Prezident burada anons edərək bildirdi ki, ölkəmizin müxtəlif bölgələrində daha 10 belə xəstəxana tikiləcəkdir. Bu isə pandemiyaya qarşı mübarizənin daha səmərəli aparılmasına yardım edəcək amildir. Ölkəmizin pandemiyaya qarşı mübarizəsinin ən diqqət çəkən tərəfi odur ki, dövlətimiz hətta xaricdəki vətəndaşlarının belə bu təhlükədən qorunmasına bütün vasitələrlə yardımçı olur. Son iki ayda xaricdən minlərlə vətəndaşımız ölkəyə qaytarılaraq qısa müddətli karantindən sonra normal həyatlarına davam ediblər.

 Eyi zamanda, hətta inkişaf etmiş Avropa ölkələrində qocalar evlərində bəzən pandemiyadan çoxsaylı ölümlər baş verir. Xarici KİV-lərin yazdığına görə, həmin ölkələrdə qocalara qarşı biganəlik bu halların yaranmasına səbəb olur. Bu barədə Prezident İlham Əliyev çıxışında deyib: « Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.»

Burada xüsusi qeyd olunmalı digər məqam tibbi mübarizə ilə bərabər, pandemiya dövründə  əhalinin sosial rifahının önə çəkilməsi və bunun üçün dövlət büdcəsindən böyük miqdarda maliyyə vəsaitinin ayırılmasıdır. Bu, faktdır ki,  bəşəriyyəti vahiməyə salan koronavirus pandemiyası dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Qlobal problemin fəsadları dünya ölkələrində həm də iqtisadi və maliyyə böhranı yaradır. Təbii ki, dünya birliyinin fəal aktorlarından olan Azərbaycan dövləti də bu qlobal problemlərdən  yan keçə bilməzdi. Bu gün Azərbaycan vətəndaşlarının  koronavirus pandemiyasından daha az zərərlə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi Tədbirlər Planı mövcuddur.  Bu planda  məhdudlaşdırıcı tədbirlərlə bərabər, iqtisadiyyatın qorunması, əhalinin sosial durumunun sabit saxlanması da mühüm yer tutur.

Ümumiyyətlə, Tədbirlər Planı bir neçə istiqamətə - iqtisadi artıma, sahibkarlığa dəstəyə, məşğulluğa, sosial rifaha və eyni zamanda, maliyyə sabitliyinin qorunmasına yönəlib.  Tədbirlər Planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulub. Burada pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə əməkhaqlarını ala bilmələridir.

Azərbacanda iqtisadi-sosial sabitliyi təmin etmək, məşğulluqla bağlı problemlərin həllinə nail olmaq üçün, eyni zamanda, mkroiqtisadi və maliyyə sabitliyinitəmin etmək üçün 3,5 milyard manatdan və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Ümumilikdə  900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının  əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz, və qeyri rəsmi çalışan vətəndaşa yaşayış minumumuna uyğun olaraq iki ay ərzində 190 manat vəsait ödənilir.

Bu da faktdır ki, mikro və fərdi sahibkar kimi VÖEN-lə işləyən vətəndaşlarımız da var. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın verilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılıb. Həmçinin mikrosahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və verginin ödənilməsi müddəti uzadılıb. Burada xüsusən də pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə vergilərin ödənilməsi müddəti artırılıb. Ölkəyə ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Bütün bu  və digər yardımların, edilən güzəştlərin bir məqsədi var- pandemiya dövründə ölkə vətəndaşlarının sosial mərhumiyyətinin qarşısını almaq.

Elçin Zaman, «İki sahil»