22 noyabr 2019 18:55
969

Ölkəmiz qış turizminə hazırlaşır

Bu gün Azərbaycanda sürətlə inkişaf edən sahələrdən birinin turizm sektoru olması artıq heç kimə sirr deyil. Bununla bağlı görülən tədbirlər ölkəyə gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına da təkan verib.

Təkcə 2019-cu ilin yanvar-oktyabr aylarına nəzər yetirsək görərik ki, bu vaxtakimi ölkəmizə üz tutan xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 10,9 faiz artaraq 2,7 milyon nəfər olub. Bundan başqa ölkədə qış turizminə start verilməsi fonunda isə ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 3 milyonu keçməsi də gözlənir ki, bu da turizm tarixində növbəti rekord rəqəm hesab ediləcək.

Hesablamalar göstərir ki, ölkədə turistlərin xərclədiyi vəsait ilin sonuna kimi 2,5 milyard dolları ötəcək. Bu da qeyri-neft sektorunun mühüm bir qolu kimi turizmin ölkəyə böyük həcmdə vəsait qazandırmasının daha bir təsdiqidir. Qeyd edilənlər həm də onun göstəricisidir ki, turizm sənayesi Azərbaycanda özünün yüksəliş mərhələsini yaşayır.

Məhz bununla bağlı turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə dövlətimizin başçısı İlham Əliyev tərəfindən bir sıra Fərman və Sərəncamların imzalanması, Dövlət proqramlarının qəbulu, mühüm layihələrin gerçəkləşdirilməsi bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında”, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamlar ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir.

Xüsusilə son aylarda turizmin inkişafına diqqət daha da artıb. Bu sahədə aparılan struktur islahatları gələcək fəaliyyəti stimullaşdırmaq üçün imkanlar yaradır. 2018-ci il aprelin 20-də ölkə Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Mədəniyyət və Turizm Nazirliyi ləğv olundu, onun əsasında Mədəniyyət Nazirliyi və ayrıca Dövlət Turizm Agentliyi yaradıldı. 2018-ci il sentyabrın 20-də isə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” yeni Sərəncam imzalandı və agentliyin nizamnaməsi, strukturu təsdiqləndi. Strateji yol xəritəsində paytaxt Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzun müddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendin seçimi, marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində ciddi tədbirlər həyata keçirir.

Azərbaycan turizminin çox böyük potensiala malik olduğu beynəlxalq səviyyədə də etiraf olunur. Son illərdə bu sahənin inkşafına xidmət edən addımlar sırasında regionlarda yeni hava limanlarının, olimpiya komplekslərinin tikilməsini də xüsusi qeyd etməliyik. Bu gün ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin sayıda artmaqdadır. Ölkənin turizm imkanların geniş olduğu bölgələrinə səyahətlər tur paketlər vasitəsilə təşkil olunur. Həmin tur paketlərin qiymətlərinin müxtəlifliyi isə ilk növbədə səyahətin müddətindən, hotellərin xidmətlərinin qiymətlərindən, əyləncəli proqramlardan asılıdır. Bütün bunlar turizmin inkişafını daha da sürətləndirir.

Artıq ölkəmiz qış turizminə hazırlaşır. Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə  mətbuata açıqlmasında bildirib ki, qış turizmi Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun bu ilki fəaliyyət planında geniş yer alıb: “Bununla da “Şahdağ” və “Tufandağ” kurortlarının turizm təkliflərini turistlərə aşılamaq məqsədilə, hədəfə götürülən ölkələri nəzərdə tutan onlayn kampaniyalar həyata keçiriləcək. Həmçinin agentlik qış kurortları ilə Bakı və digər şəhərlərin nəqliyyat əlaqələrini nəzərdən keçirib, qış turizmi üçün çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlarla işbirliyi yaradır. Əlavə olaraq, turistlər üçün xizək kurortlarının əlçatanlığını artırmaq məqsədilə Azərbaycan Turizm Bürosu www.skiazerbaijan.com veb saytını hazırlayıb istifadəyə verib. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun 2020-ci il fəaliyyət planında isə qış xizək kurortlarında turizm fəaliyyət istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub. Bundan əlavə, işgüzar turizmin potensialının daha geniş təbliğatı aparılıb ki, qış mövsümündə bu istiqamətdən daha effektiv bəhrələnə bilək”.

Mənsumə Babayeva, “İki sahil”