24 fevral 2020 15:07
1804

Ölkəmizdə koronavirusa yoluxma ilə bağlı rəsmi məlumat yayılıb

"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki,  İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar.

İndiyədək Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.