07 avqust 2020 10:56
863

Ölkəmizdə koronavirusun azalması istiqamətində müsbət dinamika müşahidə olunur

“Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətə nümunə olmaqdadır. Ölkədə xüsusi karantin rejiminin elan olunması, modul tipli xəstəxanaların sürətlə tikilib istifadəyə verilməsi, zərərçəkmiş sahibkarlıq subyektlərinin dövlət tərəfindən maliyyə yardımı və güzəştli kreditlərlə təmin edilməsi, vergi tətilləri və güzəştlərinin tərtib olunması Azərbaycanın bu sahədə nailiyyətlərinin bariz nümunəsidir. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin avqustun 31-dək uzadılması zəruridir. Azərbaycan hökuməti tərəfindən bu barədə qərar geniş araşdırılaraq, təhlil edilərək qəbul olunub. Bununla belə, sərt karantin rejimi nisbətən yumşaldılıb”.

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Cavid Osmanov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə əlaqədar daha üç ay fövqəladə vəziyyət elan edib. Bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır. Ölkəmizdə də virusun yenidən yayılması təcrübəsinin şahidi olmuşuq. Pandemiyanın yayıldığı ilk dövrlərdə tətbiq olunan xüsusi karantin rejimi sayəsində ölkəmizdə virusa yoluxmaların sayında azalma müşahidə olunurdu. Lakin yumşalmadan sonra yoluxmaların sayı artmağa başladı və hökumət yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qaldı. COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mühüm tədbirlər həyata keçirilib.

C.Osmanov vurğulayıb ki, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə ÜST-ün tələblərinə müvafiq olaraq atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Son günlərin statistikasına nəzər salsaq koronavirusa yoluxanların sayının azalması, sağalan və evə buraxılan xəstələrin sayında artım dinamikası və xəstəliklə mübarizədə effektiv üsulların tətbiq olunması dövlətimizin dünyanı cənginə alan bu problemlə mübarizədə tam aydın proqrama malik olduğunu və doğru qərarlar qəbul etdiyini bir daha təsdiq edir. Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün fərdi və ictimai məsuliyyətin artırılması vacibdir. Bu baxımdan hər kəs özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməli, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamalı, qoruyucu tibbi maskalardan istifadə etməlidir. Biz birlikdə mübarizə apararaq bu bəlaya qalib gələ və normal həyatımıza dönə bilərik.

C.Osmanov diqqətə çatdırıb ki, bütövlükdə pandemiya dövründə həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın rayonlara, bölgələrə səfərləri ondan xəbər verir ki, pandemiya dövründə də regionların inkişafı Azərbaycan hökuməti üçün prioritetdir. Regionlarda sənaye müəssisələri, eləcə də sosial obyektlərin istifadəyə verilməsi və bu kontekstdə məşğulluğun təmin edilməsi ilə bağlı atılan addımlar, regionlarda yeni “ASAN xidmət” mərkəzlərinin açılması mərhələli şəkildə iqtisadi baxımdan region və Bakı arasındakı fərqin azaldılmasına yönələn addımlardandır. Bütün bunlar, eyni zamanda, regionda yaşayan sahibkarlarımızın dövlət xidmətlərinə elektron çıxışının artırılmasına imkan yaradır. Bütövlükdə 2020-ci ilin geridə qalan aylarının yekunları göstərir ki, Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdən biri olaraq ötən dövrdə iqtisadiyyatdakı dayanıqlılığı qoruyub saxlamağa çalışdı və buna nail oldu. Aparılan islahatlar sayəsində ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Bilirsiniz ki, Azərbaycan bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalını 3,4 dəfə genişləndirməklə dünya üzrə ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr sırasında yer alıb. Paralel şəkildə ölkəmizin strateji valyuta ehtiyatları artırılıb. Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı”” indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir. Əlamətdar haldır ki, pandemiya şəraitində respublikamızda böyük həcmlərdə maliyyə vəsaiti ayrılaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Respublikamızda pandemiya şəraitində heç bir sosial layihə ixtisar edilməyib. Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir.

Cavid Osmanov xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ-hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr apardığı ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu prosesdən kənarda qalmamalı və məsələ ilə bağlı müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”