28 fevral 2020 19:35
2558

Ölkəmizdə koronovirusa qarşı ciddi tədbirlər görülür

Çin Xalq Respublikasında COVİD-19 koronavirus infeksiyasının yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılıb, yanvarın 30-da Fəaliyyət Planı təsdiqlənib. Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkəmizə gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.

Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayıldığı şəraitdə Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. İranda vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub. Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumlar ilə daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir. Bununla yanaşı, adətən belə beynəlxalq miqyaslı hallar  müşahidə olunan zaman ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə etibar etməsin, yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etsin.

Ümumiyyətlə, koronavirusun simptomları soyuqdəymə və ya qripin əlamətlərini xatırladır: halsızlıq, baş ağrısı, öskürək,  bədən hərarətinin yüksəlməsi, virus daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir, virusun inkubasiya dövrü 14 gün təşkil edir və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır, xəstəliyin ən geniş yayılmış simtomu qızdırmadır. Virusa yoluxanlar, həmçinin əzələ ağrısı və tənəffüs problemindən şikayət ediblər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur. Bundan başqa, koronavirus daha çox damcı yolu ilə, insan öskürəndə və asqıranda  keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.

Azərbaycanda hər hansı yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Belə ki, vətəndaşlar xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməkdən, kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməlidirlər. Əllər tez-tez yuyulmalıdır. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunmalıdır, xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar, koronovirusun simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır. Bundan başqa, vətəndaşlar üzərlərində dezinfeksiya vasitələri gəzdirmələri və ondan istifadə etməlidirlər. İnsanların çox olduğu yerlərdə, məsələn, hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.

Artıq koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. “Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığı nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməmişdir və narahatlıq üçün heç bir əsas yoxdur.

Zahid Rza, “İki sahil”