16 may 2019 16:48
299

Ölkənin ictimai-siyasi həyatında QHT-lərin rolu müzakirə edilib

Ötən gün Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib.

"İki sahil xəbər verir ki, tədbiri MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev açaraq müzakirə olunan mövzunun aktuallığına toxunub. O, Azərbaycanda ictimai təşkilatların ölkənin həyatında oynadığı rolun öyrənilməsinin MDB-yə üzv ölkələrdə tətbiqi imkanlarının ümumiləşdirilməsinə xidmət etdiyini bildirib. Direktor uyğun təcrübə mübadiləsinin MDB-yə üzv ölkələr arasında çoxtərəfli qarşılıqlı münasibətlərin inkişafına, eləcə də oxşar sahədə əməkdaşlıq imkanlarının genişlənməsinə yol aça biləcəyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında  ölkədə qeyri-hökumət təşkilatlarının ictimai-siyasi proseslərə təsir imkanlarının olduğunu bildirib. Natiq qeyd edib ki, Azərbaycanda dövlətçilik maraqlarından çıxış edən çoxsaylı QHT var. Ölkəmizdə QHT institutunun formalaşdığını vurğulayan V. Rəhimzadə bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsindən dünyanın digər ölkələrində də istifadə edilə bilər.

Baş redaktor, həmçinin ölkədəki xaricdən maliyyələşən bəzi  QHT-lərin Azərbaycanın mənafeyinə zərbə vurmalarına da toxunaraq belə halların yolverilməz olduğunu diqqətə çatdırıb. 

Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında Azərbaycanda QHT-lərin rolunun mühüm olduğunu vurğulayaraq onların fəaliyyətinin  təqdir edilməsinin vacibliyini qeyd edib. 

Milli Məclisin digər deputatı Şahin İsmayılov isə bildirib ki,  Azərbaycanda 300-ə yaxın qeyri-hökumət təşkilatı olsa da, onlardan 30-u beynəlxalq təşkilatlarla sıx işləyir. Deputat, həmçinin gənclər təşkilatlarından bəhs edərək onların uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Digər çıxış edənlər- Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti Nüşabə Məmmədova, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Şikar Qasımov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdirinin müavini Əli Cəfərov, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının üzvü Sədaqət Əbdürəhmanova, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidentinin müşaviri Əhməd Qəşəmoğlu Azərbaycanın ictimai-siyasi həyatında QHT-lərin rolu ilə bağlı fikirlərini bölüşüblər.

                                                                                                                                                                                     Ceyhun Piriyev, “İki sahil”