20 iyun 2019 20:11
593

Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə fakt-araşdırma səfərində olan Avropa Şurasının “Avropada uşaqların onlayn istismarı və aldadılması” adlı layihəsinin rəhbəri Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ombudsman Aparatından bildiriblər ki, görüşün məqsədi Azərbaycanda internet üzərindən uşaqlara qarşı zorakılıq və onların istismarı ilə bağlı müvafiq qanunvericilik, siyasət və təcrübənin müzakirəsi, ombudsmanın bu sahədə fəaliyyəti, habelə aparılacaq təhlil və araşdırma ilə bağlı dəstək imkanlarının dəyərləndirilməsindən ibarət olub.

Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, şöbə müdirləri Rəşid Rumzadə və Faiq Ağayev iştirak ediblər.

A.Səfixanlı müvəkkilin ötən illər ərzində uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində geniş fəaliyyəti, bu sahədə UNICEF və BMT-nin Uşaq Hüquqları Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri, həmçinin uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının və uşaqlara qarşı zorakılığın aradan qaldırılması, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsi, 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti barədə məlumat verib.

Görüşdə Ombudsmanın fəaliyyət istiqamətləri ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat verilib və onların çoxsaylı sualları ətraflı cavablandırılıb.