KÖŞƏ

Sevinc Azadi

On beş nəfərlik piketlə inqilab etmək istəyi

13 noyabr 2019 19:43
1812

Radikal müxalifət düşərgəsi uğursuz mitinqlər seriyasından dərs ala bilmir

Azərbaycan müxalifəti cəmiyyətdə etimadını tamamilə itirməsinə baxmayaraq, yenə də özünü küçələrə atmaqdan, mitinqlər keçirmək sevdasından əl çəkmir. Noyabrın 12-də “Müsavat” Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında icazəsiz aksiya keçirməyə cəhd etməsi dediklərimizi bir daha təsdiq edir. Ümumi sayı təxminən 10-15 nəfərdən ibarət şəxsin iştirak etdiyi, həmişəki kimi heç bir real siyasi, ictimai, sosial-iqtisadi təklifin səslənmədiyi, konstruktiv ideyanın irəli sürülmədiyi sözügedən piket hakimiyyətin həyata keçirdiyi genişmiqyaslı islahatlar qarşısında olduqca cılız görünürdü. Eyni zamanda, aksiyada bir nəfər də olsun ziyalının, cəmiyyətin tanınmış nümayəndələrinin iştirak etməməsi piketin dəyərini heçə endirirdi. Bu hadisəni müşahidə etdikdən sonra bir daha belə bir qənaətə gəlirsən ki, radikal qrupların sosial bazası olmayıb, yoxdur və heç vaxt da olmayacaq. Sözügedən piketdə 15-dən artıq adamın olmamasını başqa cür necə izah etmək olar?! Bu amil bir daha Azərbaycan cəmiyyətinin radikal qrupların çağırışlarına əhəmiyyət vermədiyini, onlara inanmadığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq şəkildə nümayiş etdirdi.

Müxalifətin mitinq taktikası hələ uzun illər əvvəl iflasa uğrayıb, son mitinqlərin yeganə uğuru bu uğursuzluğun bir daha təsdiqlənməsidir. Səbəblər müxtəlif və çoxsaylıdır, burada son onilliklər ərzində dünyada və bölgədə gedən qlobal dəyişikliklərdən tutmuş şəxsi eqoların hələ də ön planda saxlanması cəhdlərinə qədər müxtəlif amillər var. Hələ də 90-cı illərdə qalan partiya rəhbərlərindən fərqli olaraq cəmiyyət mitinqlər dövrünün keçmişdə qaldığını anlayır. Hər kəs başa düşür ki, sosial mediada paylaşılan hansısa maraqlı xəbərin altında gedən sağlam diskussiyaların verə biləcəyi effekt mitinqlərin verə biləcəyi effektdən daha çoxdur. Bunu təkcə müxalifətdəki rəhbərlər anlaya bilmir və hər dəfə fiaskoya uğramalarına rəğmən kütləvi aksiyalar keçirməkdə israrlarını davam etdirirlər. Bəs, keçirdiyi aksiyaların qarşısında “kütləvi” sözünün artıq olduğunu görə-görə müxalifət niyə mitinqlər keçirməkdə israr edir? Mitinqlər radikal müxalifətdəki siyasətçilər üçün öz kasad sosial bazalarına “biz hələ varıq” mesajı vermək üçün yeganə vasitədir. Yəni, bu mitinqlər cəmiyyətə deyil, öz tərəfdarlarına xitab etmək məqsədi daşıyır. Müxalifət liderlərinin buna böyük ehtiyacı var, çünki partiyalarda parçalanma, rəhbərliyin fəaliyyətsizliyinə etiraz, siyasi fəaliyyətdən uzaqlaşma prosesi son illər daha sürətlə davam edir. Mitinq keçirərək cəmiyyətə deyil, öz azsaylı tərəfdarlarına “hələ mövcuduq” mesajı verən müxalifət bununla siyasi ömürlərini uzatmağa çalışır. Bundan əlavə, piket iştirakçılarının ətrafdan keçən insanlara aksiyaya qoşulmaq barədə etdikləri çağırışlar, bu çarğırışlara etiraz edən vətəndaşlara qarşı kobud və təhqiredici davranışlar ortaya qoymaları bir daha sübut edir ki, başda Əli Kərimli olmaqla radikal siyasi düşərgənin dərdi dinc aksiya, piket keçirmək yox, mümkün qədər ölkədə gərginlik, xaos, anarxiya, qarşıdurma yaratmaqdır.

Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt, başda AXCP və onun yetkililəri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur. Bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti, bu birliyi heç bir xəyanətkar, satqın, antidövlətçi qüvvələr pozmaq iqtidarında, gücündə deyil. Yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun yandaşlarına növbəti məğlubiyyət dərsini verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır.