19 yanvar 2021 17:46
949

Onlar ölümləri ilə ölümsüzlük qazandılar

Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən 31 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək tarixboyu Azərbaycan xalqının ən böyük arzusu olub. 

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüzminlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.

Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha  təsdiqlədi. 20 Yanvar hadisələrinin  geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə Azərbaycanda  iqtidarda olanlar da günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan AXC-Müsavat rəhbərləri xəyanətkarlıqlarını nümayiş etdirdilər.

Mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir.  

Müstəqilliyimizin ilk illərində yaşananlar yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu.  Xalqın sabaha ümidi tamamilə itmişdi. Belə çətin məqamda xalq üzünü öz xilaskarına –ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas oldu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövründə  Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisi kimi çıxış etməsi ərazilərimizin  işğalına səbəb oldu.   Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan inkişaf, tərəqqi yoluna çıxdı, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti nəticəsində dünya birliyinin fəal üzvünə çevrildi. Yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycan haqq səsini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq ictimaiyyətə çatdırdı. 

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Ulu öndər  Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider  hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verilib. Onlar ölümləri ilə ölümsüzlük qazandılar.

Son 17 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin digər sahələr kimi xarici siyasət uğurlarının da miqyasını genişləndirdi,  yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza yaradıldı. 1993-cü ildə qəbul olunan  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ardınca bir sıra dövlətlərin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın mövqeyi dəstəkləndi. Təbii ki, siyasi müstəqilliyin möhkəmlənməsində iqtisadi müstəqillik əsas rol oynayır ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın qarşısında bu imkanları yaratdı.  Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir.  Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasında qərarlaşıb. Təbii ki, bu kimi davamlı uğurlarımız  müstəqilliyimizin daimi, dönməz və əbədi olmasını şərtləndirən amillər sırasındandır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.

Qeyd etdiyimiz kimi, son 17 ilin uğurları  yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın ədalətli mövqeyini bir daha dünyaya bəyan etdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, regionda yeni reallıqlar yaradıldı, dünyanın xarici siyasəti yenidən formalaşdı. Azərbaycan ordusu  30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının bərpa edə bilmədiyi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi. İşğal altında olan torpaqlarımızı şəhidlərimizin qanı, canı bahasına işğaldan azad etdik. Azərbaycanın siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmadan sonra ilk  olaraq  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə  « Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ona görə  müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim: «Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim  milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz.  44 günlük müharibə bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Qələbəni qazandı. 

Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, həmişə qəlbimizdə yaşayacaq. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.

Yeganə Əliyeva, «İki sahil»