04 dekabr 2020 16:20
675

Onlar şanlı qələbəmizin qəhrəmanlarıdır  FOTO

Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Bu müqəddəs mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Bəli, məhz Azərbaycan Ordusu sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Bununla da Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Bəyanatı imzalasın. Hesab edirəm ki, bu Bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana maksimum sərf edən sənəddir. Bu Bəyanat uzun illər davam edən işğala son qoyur. 

Təbii ki, belə möhtəşəm bir qələbənin qazanılmasında xalqın öz qətiyyətli Ali Baş Komandanına və Müzəffər Ordusuna güvəni mühüm rol oynadı. Eyni zamanda, xalq-iqtidar birliyi, ictimai-syasi sabitlik qələbəmizin əsas prinsipi oldu. 

Burada bir məsələni də vurğulamaq istəyirəm ki, biz sabirabadlılar da həm ön cəbhədə, həm də arxa cəbhədə ordumuza və rəhbərimizə dayaq olduq. Şəhid ailələrini və qazilərimizi davamlı olaraq ziyarət etdik, onların maddi və mənəvi sıxıntılarına dəstək olmağa çalışdıq. Bir sözlə, biz bir vətəndaş, həmçinin  YAP Sabirabad rayon təşkilatının fəalları olaraq ikinci Qarabağ Müharibəsində şəhid olanların ailələrinə və qazilərimizə daim diqqət və qayğı göstərməyi özümüzün şərəf borcu hesab edirik. YAP Sabirabad rayon təşkilatı əməkdaşları Vətən müharibəsində iştirak etmiş aztəminatlı ailələrrin evlərini ziyarət edərək maddi yardımlar etdilər.

Eyni zamanda, dekabrın 4-də saat 12-də ölkəmizin hər yerində olduğu kimi, Sabirabadda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allahdan şəhidlərimizə rəhmət, döyüşlərdə yaralanmış qazilərimizə isə şəfa diləyirik. Qarabağ Azərbaycandır!

Məleykə Ağayeva, YAP Sabirabad rayon təşkilatının sədri