KÖŞƏ

Qvami Məhəbbətoğlu

Onların qazancı: xalqın nifrəti

24 yanvar 2019 11:32
3144

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, Azərbaycanın Baş prokuroru bloqger Mehman Hüseynovun gənc olduğunu, islah yoluna qədəm qoyduğunu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid edildiyini, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığını nəzərə alaraq, barəsindəki cinayət işinin icraatına xitam verib.

Bununla bağlı ilk səda da Mehman Hüseynov məsələsini şouya çevirmək istəyən, daha doğrusu, ermənipərəsət xarici dairələrin alətinə çevrilən bir qrup avropalı deputatın fəaliyyət göstərdiyi qurumdan - Avropa Parlamentindən gəlib. Belə ki, qurumun Azərbaycan üzrə məruzəçisi Norika Nikolai bəzi deputatların ölkəmizlə bağlı səsləndirdikləri bəyanatların saxta olduğunu bir daha qeyd edərək Azərbaycan hakimiyyətinin qərarını alqışlayıb. Avropa Şurası Parlament Assambleyasının baş katibi Torbyorn Yaqland isə qurumun Niderlanddan olan üzvü, ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən Piter Omziqə, eləcə də onunla birgə qarayaxma kampaniyası aparanları belə məsələləri qəsdən siyasiləşdirməməyi bir daha tövsiyə edib. Bununla da son günlər ermənipərəst xarici dairələrin alətinə çevrilən bir qrup avropalı deputatın Mehman Hüseynov üzərində qurduqları ssenarilərə, onun ətrafında cərəyan edən süni ajiotajlara, demək olar ki, son qoyulub.

 Şübhəsiz, bu addım, eləcə də beynəlxalq qurumların buna müsbət reaksiyası Mehman Hüseynovla bağlı şoulardan pulları çıxan daxili  və xaricdəki siyasi işbazları, eləcə də onların əlində alətə çevrilənləri yaman pərişan edib. Odur ki, onlar yeni planlar üzərində işə başlayıblar. Belə ki, sosial şəbəkələrdə “istehsal” etdikləri xəbərləri, şayiələri həqiqət kimi sırımağa çalışanlar, “uzaqgörən” “şərh”lər verənlər, o cümlədən antiazərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə işləyən “sapı özümüzdən olan baltalar” belə bir iddia ilə çıxış edirlər ki, guya Mehman Hüseynov barəsində cinayət işinin xitam verilməsinə müxalifət qüvvələrinin təzyiqi ilə nail olunub. Bununla da onlar nə qədər gülməli olsa da, müxalifətin sosial bazası olduğunu təlqin etməyə çalışırlar. Sual olunur: elə bir neçə gün bundan öncə dağıdıcı müxalifətin nümayəndələri, daha doğrusu, ondan artıq siyasi qurum adi bir stadionu -”Məhsul”u öz tərəfdaşları ilə doldura bilməmələri ilə öz bazalarını nümayiş etdirmədilərmi? Bu mənada sosial dayağı olmayan bir müxalifət nəyə nail ola bilər axı? Odur ki, onların həmin mitinqi də əvvəlkilər kimi olduqca sönük alındı, özləri ilə gülüş hədəfinə çevrildilər. Doğrudur, AXC sədri Əli Kərimli, “Milli Şura”nın  sədri Cəmil Həsənli və onların tör-töküntüləri həmin məğlubiyyətin əvəzini 20 Yanvar - Ümumxalq Hüzn Günündə çıxmağa çalışdılar, amma yenə də istəklərinə nail ola bilmədilər. Qazandıqları isə yalnız bir şey oldu: o da Vətənini, xalqını düşünən hər bir kəsin nifrəti, qəzəbi. Nə yazıq ki, onlar bunu hələ də görmək istəmirlər.

Amma bu bir həqiqətdir ki, Mehman Hüseynov haqqında cinayət işinin icraatına Azərbaycanın dövlət başçısının növbəti humanist addımı sayəsində xitam verilib. Elə beynəlxalq qurumların açıqlamalarında bu, xüsusi vurğulanıb. Bununla bir daha sübut olunub ki, cənab Prezidentin fəaliyyətinin əsasında humanizm, mərhəmət durur. Bu isə o deməkdir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunması dövlət siyasətinin prioritetini təşkil edir.

Qeyd edək ki, son 15 ildə çoxsaylı əfv fərmanları imzalanıb, amnistiya aktları qəbul olunub.  Bu müddət ərzində minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib, cəzaları yüngülləşdirilib. Hətta onların arasında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər də olub.

Bəli, bu addım ermənipərəst qüvvələrin dəyirmanına su tökənləri yaman pərişan edib. Sosial şəbəkələrə nəzər yetirdikdə aydın görünür ki, onlar yenə nədənsə bir şou düzəltmək və Azərbaycana qarşı yeni qarayaxma kampaniyalarına start vermək niyyətindədirlər. Axı belələri, necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaqda mahirdirlər. Bu dəfə isə onların nədən nə düzəldəcəkləri hələ ki məlum deyil. Görünür, bu, “sapı özümüzdən olan baltalar”ın aldıqları qrantlar hesabına antiazərbaycan mərkəzlərə və şəbəkələrə ötürəcəkləri donoslardan sonra bəlli olacaq. Axı divin canı şüşədə olduğu kimi, bu ünsürlərin - ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq istəyənlərin canı xarici antiazərbaycan dairələrin əlindədir. Amma antiazərbaycan qüvvələr unutmasınlar ki,  Azərbaycan onlara qarşı hər zaman sivil şəkildə mübarizə aparıb və bundan sonra da aparacaq.