14 iyun 2019 21:33
2072

Operativlik, yoxsa peşəkarlıq?

Bu gün sosial şəbəkələrin xəbər mənbəyi olaraq  önə çıxması, informasiya  mübadiləsində  vacib rol oynadığı  danılmaz faktdır. Sosial  medianın  aktuallığı  isə həm  ənənəvi, həm   yeni  mediaya olan  tələbata  əhəmiyyətli  dərəcədə təsir  etdi.  Yeni  media  dedikdə nəzərdə tutulan isə onlayn  şəkildə fəaliyyət göstərən  xəbər saytları və portallarıdır. Bir zamanlar yeni  media növlərinin  yaşadığı məşhurluq  statusunu  hazırda  daim  dəyişən, artan və inkişaf  edən  sosial şəbəkə növləri alır.

Sosial şəbəkələr insanların  ünsiyyət qurması, virtual olaraq müzakirə, rəy mübadiləsi  etmək  üçün  fəaliyyətdə  olan  onlayn  sferadır. Burada  hər hansı  bir siyasi, ictimai, sosial  yönümlü məlumatlar haqqında insanlar   öz müstəqil  fikirlərini  bölüşə  bilərlər. Amma  sosial şəbəkənin  birbaşa xəbərin  qaynağı  olması  isə  heç  bir  halda  doğru  deyildir.

Sosial  şəbəkələrin  medianın, xüsusilə də  ənənəvi medianın fəaliyyətinə kölgə salmasının   başlıca səbəbi isə  operativlik, xəbərin elektron formada təqdimatı, həmçinin əlçatan  və rahat  başa gəlməsi, elə o cür də yayımlanmasıdır. Sosial şəbəkələr hər saniyə xəbər ötürür, informasiya  mübadiləsi, axını  zamanı yaranan zaman  məsafəsi çox  qısa  olur.  Bütün  bu  xüsusiyyətlər isə sosial  şəbəkəyə  oxucu  tələbatını, müraciət sayını  artırır. Bundan  başqa  isə insanlar  aldıqları xəbərə münasibət bildirirlər, həmin  hadisə fonunda  ictimaiyyətin  rəyini də öyrənirlər. Beləliklə, sosial şəbəkələr vasitəsilə gündəm haqqında  yaranan  ictimai  rəylər açıq-aşkar hər kəsə bəlli olur. Sosial şəbəkələr oxucusuna  istənilən mənada azadlıq verir. Bu  da sosial  mediaya  olan marağı daha  da  artırır. Müasir dövrün  tələblərinə, prinsiplərinə sosial şəbəkə növləri  tam  şəkildə cavab  verir. Modern  funksiyalara, üstünlüklərə, əyləncəli xüsusiyyətlərə, geniş  imkanlara, multimedia xüsusiyyətlərinə sahib olması, daim  yenilənməsi, dəyişməsi  sosial şəbəkələri “məşhurluq” baxımından  önə çıxarır.

Qeyd edək ki, kütləvi  informasiya  vasitələrinin  hər bir növündə qorunan, diqqət və nəzarət edilən  jurnalistikanın prinsip və funksiyalarına,  peşə etikası, əxlaq normaları, keyfiyyət, doğruluq  və dəqiqlik  prinsipi  sosial şəbəkə üzərindən  yayımlanan  xəbərlərdə də qorunub saxlanılırmı? Təbii ki, xeyir. Sosial şəbəkə vasitəsilə hər bir  hadisədən ilk  məlumatlı olmaq  olar. Amma, əsas məqam budur ki, oxunulan  xəbər necə yazılıb?  Dəqiq, obyektiv, qərəzsizdirmi? Bu  suallara  isə “bəli” cavabı verilə bilməz.  Sosial  şəbəkə hesabı müstəqil və müxtəlif  şəxslər tərəfindən  idarə olunan  şəxsi  hesablardır. Burada  jurnalistikanın  bütün funksiya  və prinsiplərinə əməl olunacağına, peşə etikasının, əxlaq normalarının  gözlənəcəyinə də  heç kəs zəmanət vermir. Medianın fəaliyyət göstərən istənilən  növü yaydığı xəbərə görə konkret məsuliyyət daşıyan bir orqandır. Sosial şəbəkələrdə isə məsuliyyət və  cavabdehlik  kəlmələrinin  heç  baş  hərflərindən belə söhbət gedə bilməz. Bu  baxımdan da,   sosial  şəbəkələr və onun formaları xəbər əldə etmək üçün, qaynaq, mənbə olmaq  üçün etibarlı, doğru  və  münasib platforma deyil.

Sosial şəbəkələr  “operativ” olsun deyə çox  zaman  ələkdən keçirmədən, təhlil etmədən, araşdırmadan informasiyanı yayımlayır. Heç bir  məsuliyyət daşımadığı üçün  də konkret şəkildə desək, azadlığı sərbəstliyə qurban  verərək fəaliyyət göstərirlər. Sırf  sosial  şəbəkə üzərindən yayımlanan, qeyri-dəqiq, həqiqəti əks  etdirməyən, yarımçıq, ya  da kifayət qədər mübaliğə ilə “zəngin” yalan-yanlış  məlumatlar yayımlayırlar. Nəticədə  isə həm  özləri aldanır, həm  də ictimaiyyəti aldadırlar.

Jurnalistikanın  müxtəlif  janrları var. Sosial şəbəkə  fəaliyyətində xəbərləmə janrı  ilə uyğunlaşsa da, publisistika, araşdırma, analitika və s. üçün məqbul mühit sayıla bilməz.  İnformasiyanın alınması, ötürülməsi, yayımlanması üçün  bizim  mətbuatımız, onlayn  şəkildə fəaliyyət göstərən  xəbər saytları var. Bütün  bunları bir kənara qoyub  sırf sosial şəbəkə üzərindən xəbər almaq, onu “əvəzolunmaz” xəbər qaynağı hesab  etmək  məqbul  deyildir. Sosial şəbəkələr faydalıdır, amma jurnalistika sahəsinə daxil olmağa çalışmamalıdır. Əyləncə, ünsiyyət funksiyalarını saxlayıb,  gənclər üçün virtual sfera yaratmaqla fəaliyyətini  davam  etdirməlidir. Sosial şəbəkələrdə istənilən imkan ola  bilər. Amma jurnalistika peşəsinin  bütün  xüsusiyyətlərinə cavab verə biləcək   “potensial” yoxdur.

Yaqut Ağaşahqızı, “İki sahil”