25 iyun 2019 10:26
1244

Ordumuz dünya miqyasında 50 ən güclü ordu sırasındadır

“Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız  inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir.  Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu  möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki,  o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.”

Dövlətimizin başçısı İlham Əliyev  bu əminliyi də ifadə edir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.   

Müharibə şəraitində yaşayan ölkə olaraq hərbi qüdrətimizin möhkəmləndirilməsi əsasdır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordunun olması əsasdır. Silahlı Qüvvələr Günündə  keçirilən hərbi paradlar da ordumuzun hansı gücə, qüdrətə malik olduğunu bir daha nümayiş etdirir. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin, həmçinin Bakının işğaldan azad olmasının 100 illiyi münasibətilə keçirilən paradlar da deyilənlərə bariz nümunədir.  Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi  münasibətilə keçirilən hərbi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev reallığı özündə əks etdirən bu  statistik rəqəmləri də diqqətə çatdırır: “Bizim təşəbbüsümüzlə son illər ərzində  20-dən çox hərbi  zavod yaradılmışdır. Bu zavodlarda  1200 adda hərbi təyinatlı  müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Deyə bilərəm ki,  ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.”

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin siyasətinin əsasında dayanan mühüm tezislərdən biri sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olmasıdır. 2016-cı ilin aprel, 2018-ci  ilin isə Naxçıvan qələbələri   Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.  Bu fakt inkaredilməzdir ki, Ermənistan xarici ianələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması gülünc deyilmi?  Xalqımız əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli  həllini tapacaq, hər sahədə davamlı uğurları ilə  seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.

Ötən il keçirilən  “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi də  regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi  oldu. Sərgiyə ildən-ilə marağın artması, yeni dövlətlərin, şirkətlərin qoşulması Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqlədi. Ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün  qarantı olan Silahlı Qüvvələrimizin  mövcud potensialının,  müdafiə sənayesinin yeniliklərinin təqdimatı kimi dəyərləndirilən sərgidə bir daha qeyd olunmuşdur ki, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb.

Bu gün Azərbaycanın mövcud iqtisadi imkanları digər sahələr kimi ordu quruculuğu sahəsində davamlı addımların atılmasını şərtləndirir. O da məlumdur ki, dövlət büdcəsindən ayırmalarda  ilk yeri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi dayanır. Ordu xərcləri birinci  yerdədir. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var.

Əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan  siyasəti ölkə Prezidenti İlham Əliyevin   uğurla davam etdirməsi nəticəsində   ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində  mühüm nailiyyətlər əldə olunub.  Dövlətimizin hərbi qüdrətinin artması  və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bu günümüzün reallıqlarındandır. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Müdafiə Sənayesi Nazirliyi indiyədək bir çox beynəlxalq sərgidə öz məhsullarını təqdim edib.

Azərbaycanın diplomatik mübarizədə qələbəsi, eyni zamanda, iqtisadi imkanları əsasında möhkəmlənən və güclənən ordusu  işğal altında olan torpaqlarımızın tezliklə azad olacağına inamı artırır. Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar  işğalçı Ermənistanı və ona dəstək olan dövlətləri ciddi düşündürməlidir. Bir məqamı da qeyd edək ki, Azərbaycanın öz hərbi potensialını möhkəmləndirməsi  Ermənistan hakimiyyəti tərəfindən beynəlxalq ictimaiyyətə guya Azərbaycan tərəfinin sülh danışıqlarında maraqlı olmaması kimi təqdim edilirdi. Rəsmi Bakı buna sərt münasibətini açıqladı- Azərbaycanın hərbi qüdrətini artırması suveren hüququdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.

Regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyi, həmrəyliyi bu sahədə  mövcud əlaqələrin inkişafından da aydın görünür. Belə ki, bu günlərdə  Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” adlı birgə döyüş atışlı taktiki təlimləri də deyilənlərin təsdiqidir.

Ötən il Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı da bir daha iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin tarixi köklərə malik olduğunu dünyaya nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda bir daha vurğulamışdır ki, biz bu gün  yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “ Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir.  Türkiyə Prezidenti R.T.Ərdoğan  hərbi paradda bu məqamı da xüsusi vurğulamışdır: “Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.”

Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” adlı birgə döyüş atışlı taktiki təlimləri bir daha bu birliyə, həmrəyliyə işıq saldı. Türkiyənin milli müdafiə naziri Hülusi Akarla Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Naxçıvanda keçirdikləri görüşdə qeyd etdikləri kimi, hər iki ölkə arasındakı hərbi əməkdaşlıq dostluq, qardaşlıq münasibətləri əsasında möhkəmlənir. “Sarsılmaz qardaşlıq-2019” bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir.

Məhz keçilən yolun zəngin uğurlarına, ən əsası bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək, dövlətimizin başçısı İlham Əliyev ötən il Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradını belə səciyyələndirmişdir: “Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.”

Keçirilən hərbi paradlar, təlimlər,  beynəlxalq sərgilər Azərbaycan Ordusunun imkanlarını, Azərbaycanın regionda və dünyada yeri və rolunu təqdim etməklə yanaşı, bu reallığı da ortaya qoyur ki,  Silahlı Qüvvələrimiz  Ali Baş Komandanın hücum əmrinə tam hazırdır.  Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Yeganə Əliyeva, “İki sahil”