29 oktyabr 2020 18:25
789

Ordumuz düşməni qovmaqla öz tarixi vəzifəsini uğurla başa çatdıracaq

BMT-nin 30 ilə yaxındır ki, icra etmədiyi 4 qətnaməsinin tələblərini, yəni dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn şərtlərini Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu inamla reallaşdırır. Artıq rəşadətli Azərbaycan Ordusu işğalçılıq siyasətindən, faşizm xislətindən əl çəkməyən təcavüzkar Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən başladığı qətiyyətli əks-həmlə əməliyyatları nəticəsində 140-dan çox yaşayış məntəqəsini işğalçılardan azad edib, həmin ərazilərdə bayrağımızı dalğalandırıb. Hazırda ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir.

Biz son bir aya yaxın müddətdə həqiqətən də heç zaman unudulmayacaq tarixi günlər yaşayırıq. 30 il ərzində düşmənin möhkəm is­tehkam qurduğu Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin və digər yaşayış məskənlərimizin azad edilməsi, sözün həqiqi mənasında hər birimiz üçün tarixdir. “Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik” deyən  Prezident İlham Əliyevin bildirdiyi kimi, vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq:  “Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdir.”

Həqiqətən də, 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi, yəni işğalçı ölkə ipə-sapa yatmadı. Sadəcə, bu müddətdə Ermənistan danışıqlarda bizi və beynəlxalq vasitəçiləri aldatmaqla məşğul oldu. Bunu fürsət bilərək qanunsuz silahlanmanı davam etdirdi. İşğal etdikləri torpaqlarımızda Ermənistan tərəfindən qurulmuş istehkamlar da onu göstərir ki, mənfur düşmən həmin ərazilərdən çıxmaq fikrində deyildi. Çıxmaq istəsəydilər, bu qədər vəsait xərcləyib həmin ərazilərdə belə istehkamlar qurmazdılar.  Üstəlik, otuz il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi “güclü ordusu” haqqında miflər yaradırdı. Yeri gəlmişkən, bəzi hərbi ekspertlər belə hesab edirdilər ki, 30 il ərzində düşmən təmas xəttində, o cümlədən Füzuli istiqamətində  o qədər möhkəm is­tehkamlar qurub ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Ancaq ən müasir avadanlıqlarla silahlanmış, haqq-ədalət uğrunda döyüşlərə atılmış müzəffər Azərbaycan Ordusu qısa müddətdə Füzuli rayonu­nun bir sıra kəndlərini, eləcə də Füzuli şəhərini düşmənin tapdağından təmizlədi. Azərbaycan Ordusu bu və sonrakı digər uğurları ilə “yenilməz” orduları ilə bağlı ermənilərin uydurdurduqları mifləri darmadağın etdi və etməkdə davam edir. Prezident İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətində bildirdiyi kimi, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun verdiyi məlumata görə, ötən 24 gündə Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən Ermənistan silah və texnikasının ümumi dəyəri 2,4 milyard dollardan çoxdur. Bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı, işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir.

 Bəli, bu gün döyüş meydanında Azərbaycan Ordusunun üstünlüyü  artıq heç kimə sirr deyil. Ordumuz öz maddi bazasını bu gün də möhkəmlətməkdə davam edir. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş Aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb.

Elə bu səbəbdən, yəni Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən  düşmən getdikcə daha da azğınlaşır, daha da quduzlaşır. Odur ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan intensiv şəkildə atəşə tutur. Bu ənənəsinə sadiq qalan Ermənistan ordusu baş nazir Nikol Paşinyanın göstərişi ilə dünən cəbhə zonasından 150 kilometrdən artıq uzaqlıqda yerləşən respublikamızın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” raket qurğularından balistik taktiki raketlər atıb. Raket zərbələri nəticəsində Qəbələ rayonunun Hacallı kənd sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib. Bütün bu təhdidlərə baxmayaraq, hər bir azərbaycanlı əmindir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni iti qovan kimi qovmaqla öz tarixi vəzifəsini uğurla başa çatdıracaq, erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas edərək xalqımızın qəhrəmanlıq tarixində yeni bir səhifə açacaq. Allah rəşadətli əsgər və zabitlərimizi qorusun!

Qvami Məhəbbətoğlu, “İki sahil”