07 avqust 2020 12:57
1329

Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir

“Azərbaycan Ordusu işğalçı Ermənistanın bütün təxribatlarına layiqli cavab verir, hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərirlər”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Ramiz Yusubov deyib.

R.Yusubov bildirib ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov və digərləri xalqımızın qəhrəman övladlarıdır. Onların qəhrəmanlığı hər bir gənc üçün örnəkdir. “Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə yüksəlirlər. Bunun ən son nümunəsini Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı zamanı da gördük. Bəhs olunan döyüşlər Silahlı Qüvvələrimizin gücünü bir daha təsdiqlədi. Bu döyüşlərin Azərbaycan Ordusunun şanlı tarixində xüsusi yeri olacaq. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.14 iyulda isə Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminli dəstək aksiyasının keçirilməsi onu göstərdi ki, xalq ordusunu və Ali Baş Komandanını birmənalı şəkildə dəstəkləyir. Təqdirəlayiq haldır ki, xaricdə yaşayan soydaşlarımız da dövlətimizlə güclü həmrəylik nümayiş etdirir. Dünyanın bir çox ölkələrində soydaşlarımız tərəfindən keçirilən aksiyalar da bunu təsdiqləyir”, - deyə R.Yusubov söyləyib.