29 oktyabr 2020 17:59
1167

Ordumuz şanlı tarix yazır

Bu günlər hamımız  Ermənistanın puça çıxan ümidlərinin və Azərbaycanın əzəli torpaqlarındakı  son çırpıntılarının şahidi oluruq.Ölkə  qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malik olan ordumuz, igid Azərbaycan gəncliyi torpaqlarımızı işğaldan azadlığı uğrunda mübarizəyə var gücü ilə davam edir. 

Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin müasirləşməsi prosesləri beynəlxalq təcrübəyə istinad və inteqrasiya çətiri altında aparılmışdır. Azərbaycan  Ordusu NATO standartlarına keçidi, döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə müvafiq olaraq yüksəldilməsi sahəsində də mühüm uğurlara imza atıb. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəldilməsinə öz töhfəsini vermişdir. 

Ermənistan müzəffər ordumuzun Azərbaycanının işğal edilmiş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini və bu zaman Silahlı Qüvvələrimizin həmlələri qarşısında tab gətirməyəcəyini zamanında başa düşməli idi. Halbuki, Azərbaycan dövləti beynəlxalq hüquq normaları əsasında ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malik olduğunu dəfələrlə bəyan etmişdi.Cəbhə bölgəsində cılızlaşan erməni cəlladları işğal edilən torpaqlarımızın böyük bir qismini qısa bir zamanda geri alınması ilə barışa bilmədiyindən , yenə murdar xislətlərinə  uyğun olaraq  günahsız mülki vətəndaşları hədəfə almağa davam edir.Bu barədə öz “twitter” hesabında paylaşım edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, humanitar atəşkəsi vəhşicəsinə pozaraq dəfələrlə Azərbaycanın Bərdə , Tərtər, Gəncə, Mingəçevir və digər şəhər və rayonlarındakı mülki əhaliyə raketlərlə hücum edən Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır.

Beləliklə, şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə  tarix yazır və nəhayət, dünyanın gözü qarşısında məkrli düşmənlərimizi 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızdan iti qovan kimi  qovur, ən keçilməz sədləri aşaraq işğalçıya sarsıdıcı zərbələr endirir.Uğurlu hərbi əməliyyaların gedişi göstərir ki, tez bir zamanda üçrəngli bayrağımız bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaq və o gün bizim ən böyük qələbə bayramımız olacaq.

Samirə İsmayılova, “İki sahil”