22 sentyabr 2020 18:13
1141

Ordumuz xalqımızın qürur, dövlətimizin güvənc mənbəyidir

Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir

 

Bu gün bütün istiqamətlərdə olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrində də inkişaf, tərəqqi müşahidə edilir. Ordumuzun maddi-texniki bazasının hər ötən gün artması, Silahlı Qüvvələrimizin silah arsenalına yeni silahların cəlb edilməsi bu gün Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasında qərarlaşdırıb. Bu bir tərəfdən yeni hərbi texnika və silahların alınması ilə bağlıdırsa, digər tərəfdən Ali Baş Komandanın bu sahəyə göstərdiyi diqqət və qayğı ilə əlaqədardır.  Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır.

Ordumuzun xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi xərcləri 24 dəfə artıb. Belə ki,  2003-cü ildə Azərbaycanın hərbi  xərcləri cəmi 160  milyon ABŞ dolları təşkil edirdi. 2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət,  2010-cu ildə bu xərclər 2  milyard 150 milyon dollara çatdı.

Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilib.  Bu da o deməkdir ki, 2020-ci ildə orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çoxdur. Beləliklə, Prezident İlham Əliyevin ötən 17 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutur.

Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Prezident İlham Əliyev ölkənin hərbi qüdrətinin artırılması siyasəti çərçivəsində silahlı qüvvələrin yeni silah və hərbi texnikaya olan tələbatının həm də yerli istehsal hesabına təmin edilməsi vəzifəsini müəyyən etdi. Bu məqsədlə Azərbaycan dövlət başçısı 2005-ci ilin dekabrında ölkənin Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Nazirlik tabeçiliyinə verilmiş müəssisələr əsasında ölkədə ilk dəfə hərbi sənayeni qurdu və qısa müddət sonra artıq hərbi təyinatlı məhsullarını beynəlxalq silah sərgilərində nümayiş etdirməyə, silahlı qüvvələri bir çox güclü silah sistemləri, texnika ilə təchiz etməyə nail oldu. Müdafiə Sənayesi Nazirliyi dünyanın bir çox nüfuzlu hərbi sənaye müəssisələri ilə əməkdaşlıq qurmuşdur. Azərbaycan müdafiə sənayesinin istehsalı olan hərbi təyinatlı məhsullar son illər nüfuzlu silah sərgilərinə də çıxarılır və maraqla qarşılanır. Hazırda Azərbaycanın müdafiə sənayesi Müdafiə Nazirliyinin bir neçə növdə silah-sursata tələbatını tam ödəmək gücündədir. Beləliklə, Prezident İlham Əliyevin ötən 17 illik hakimiyyəti ərzində ölkənin hərbi qüdrətinin artırılmasına imkan verən strateji sahə - müdafiə sənayesi təşəkkül tapmışdır. Cənab Prezidentin Sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Azərbaycanda güclü ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illərdə görülmüş işlərin nəticələrindən biri də ölkənin hava hücumundan kifayət qədər etibarlı təminatıdır. Azərbaycan hava qüvvələrini gücləndirməklə yanaşı, ölkənin hava məkanının potensial hücumlardan etibarlı müdafiəsinə nail olmaq üçün hərbi sahəyə ayrılan vəsaitlərin bir qismi yeni HHM sistemləri almağa sərf edildi. Azərbaycanın hazırda malik olduğu HHM sistemi ölkənin hava məkanını, strateji təyinatlı obyektləri, Xəzərdəki neft-qaz infrastrukturunu qoruyur. Azərbaycanın regionda güclü hava qüvvələri ilə yanaşı, havadan etibarlı müdafiə sisteminə də malik olması hərbi balansın Ermənistanla müqayisədə onun xeyrinə müqayisəolunmaz dərəcədə dəyişməsinə .ərait yaratdı. Bununla da Prezident İlham Əliyevin ötən illərdə ölkənin hərbi gücünün artırılmasına yönəlmiş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan regionda ən modern vasitələrlə təchiz olunmuş HHM qüvvələrinə malik oldu. Bunun nəticəsində strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər yüksək səviyyədə qorunsun.

Azərbaycan son illərdə Silahlı qüvvələrinin arsenalını  yeni döyüş təyyarələri,  hücum vertolyotları, döyüş maşınları, habelə müasir və uzaq məsafəli artilleriya sistemləri ilə gücləndirdi. Azərbaycan Ordusunun yeni silah və texnika ilə təchizatında birinci mərhələdə zirehli texnikanın, uzaqvuran artilleriya sistemlərinin, piyadaların döyüş maşınlarının və quru qoşunlarına hava dəstəyi üçün hücum vertolyotlarının alınması həyata keçirildi. İkinci mərhələdə ordunun arsenalı hədəfi yüzlərlə kilometr məsafədən dəqiq vuran raket sistemləri, daha uzaqmənzilli artilleriya qurğuları və hərbi sahədə strateji üstünlük qazandıran digər silah sistemləri ilə gücləndirildi.

 

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Azərbaycan Ordusu xalqımızın qürur, dövlətimizin güvənc mənbəyidir. Azərbaycan xalqı ordumuzun gücünü 2016-cı ildə məhşur Aprel döyüşləri zamanı görmüşdü. Amma xalqın orduya inamı bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqını və ordumuzun düşmənə layiqli cavabı zamanı daha da gücləndi. Azərbaycan hərb meydanında növbəti dəfə işğalçı ölkənin dərsini verdi. Rəsmi İrəvan  bir daha milli ordumuzun gücünü gördü, layiq olduğu cavabını lazımi səviyyədə aldı. Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu sərhədlərini qorumağa,  hətta bir ovuc Vətən torpağı uğrunda şücaətlə mübarizə aparmağa qadir olan sarsılmaz hərbi gücdür. Bunu deməyə güclü ordumuzun son tutarlı addımları, xalqın gücü və inamı, Prezident İlham Əliyevin qətiyyəti əsas verir. Sözün əsl mənasında rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə vurduğu sarsıdıcı zərbə Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi vəhdətinin yarandığını sübut etdi. Bunun sübutu olaraq insanlar, xüsusən də gənclər Səfərbərlik xidmətləri qarşısında könüllü olaraq ordu sıralarına yazılmaq üçün növbəyə dayandılar. “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” deyən Prezident İlham Əliyevin çağırışına səs verən 55130-dan çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirilməsi də daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən silahlı qüvvələrin güclü və yeni silahlarla təchizatı ilə yanaşı,  hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tarixi qərar verildi. 2011-ci ilin dekabrında  Prezidentin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmana əsasən, ölkədə ilk dəfə hərbçilərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsinin mexanizmi yaradıldı. O vaxta qədər hərbçilərin sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması məsələsi 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunla tənzimlənirdi və bu sənəddə əksini tapmış müddəaların praktiki icrası mümkün deyildi.

Prezident İlham Əliyevin imzaladığı fərman bu sahədə vəziyyəti dəyişdi, hərbçilərin dövlət hesabına mənzillərlə təmin olunması mexanizmlərini hazırlamaq üçün xüsusi komissiya yaradıldı. Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaratdı.

Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.

Nigar Orucova, “İki sahil”