20 oktyabr 2020 18:09
1943

Ordumuz zəfər tarixi yazır

Qüdrətli Azərbaycan Ordusu torpaqlarımıza göz dikmiş işğalçı Ermənistanın silahlı qüvvələrinə ağır zərbələr endirir. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə göz açmağa imkan vermirlər. Düşmən ölkə böyük itkilər verərək işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilir.

Sentyabrın 27-dən başlamış qalibiyyətli döyüşlər Azərbaycan Ordusunun real gücünu bir daha sübut etdi. Məhz ordumuzun gücü ilə status-kvo və Ermənistanın xüsusi planlarla formalaşdırdığı düzxətli qısa təmas xətti dəyişdi. Qarabağ uğrunda Vətən müharibəsi tarixində ən əlamətdar qələbələrin kökündə məhz bu amillər dayanır.

Ordumuz özünün şərəfli və qalib imicini dalbadal hərbi uğurlarla formalaşdırdı. Prezident İlham Əliyev dünyanın məşhur media orqanlarına geniş müsahibələrində Azərbaycan həqiqətlərini, ordumuzun uğurlarını bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı göstərdi ki, Azərbaycan Ordusu ən müasir hərbi texnika və texnologiyaların üzərində dayanıb, xalqın birmənalı və geniş dəstəyinə söykənir. Ordumuz haqq işi uğrunda döyüşür, canlı qüvvə sarıdan böyük ehtiyatlara malikdir, öz tarixinə və torpağına qırılmaz şəkildə bağlıdır.

Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir. Ordumuz indiki imkanlarla bütün işğaldakı ərazilərimizi sonadək azad etmək gücünə malik olduğunu sübut edir.

Təsadüfi deyil ki, düşmən Ermənistanın ideoloqları ordumuzun malik olduğu üstünlükləri və legitim güc mənbələrini şübhə altına almaq və gözdən salmaq üçün hər cür yalanlara əl atır. Düşmənin ən çox hallandırdığı və iflasa uğradığı tezis guya ordumuzda başqa ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olmasıdır. Prezident İlham Əliyev ordumuzu xarici muzdlularla bağlamaq istəyən düşmən təbliğatını dəqiq və arqumentli faktlarla ifşa etdi. Dövlətimizin başçısı əksinə, Ermənistanın özünün əsasən cinayətkar muzdlulardan ibarət hərbi birləşmələrin ümidinə qaldığını xüsusi vurğuladı.

İşğal olunmuş Azərbaycan torpaqlarında hansı kriminal cinayətlərin və hazırlıqların getdiyi barədə xəbərdarlıqlar özünü tam doğruldur. Azərbaycan Ordusu məhz bu istiqamətdə dəyərli sübutlar qazanır. Bir vaxtlar Azərbaycanın rəsmi dövlət orqanları Dağlıq Qarabağın beynəlxalq narkotrafikin əsas tranzit məntəqələrindən və mənbələrindən biri olduğunu faktlarla demişdi. Ordumuzun Füzulidə narkotik plantasiyası və narkolaboratoriya aşkarlaması əvvəlki xəbərdarlıqları sübut edir. Azərbaycan dövlətinin Dağlıq Qarabağın terrorçular üçün təlim-məşq meydanına çevrildiyi barədə daha əvvəllərdən ortaya qoyduğu xəbərdarlıqlar da özünü doğruldur. İndi Ermənistan ordusunun əsas kadr bazası xaricdən gətirilən terrorçulardır.

Azərbaycan Ordusu Ermənistanın timsalında işğalçı dövlətlə müharibədə zəfər tarixi yazır. Böhtan və saxtakarlıqlar isə Azərbaycan Ordusunun qələbələrinə kölgə sala bilməz.

Cavid Əkbərov, “İki sahil”