16 iyul 2020 11:05
2233

Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir

Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi

İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatın qarşısı qətiyyətlə alındı. Azərbaycan Ordusu öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Xalqımız bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı ordumuzun gücü, qüdrəti sayəsində azad edəcək, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Müharibə şəraitində yaşayan ölkənin güclü iqtisadiyyata və nizami orduya malik olması əsas şərtdir. Müstəqilliyimizin ilk illərinə nəzər saldıqda görürük ki, Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəçisi kimi çıxış edirdi. Ölkənin nizami ordusunun olmaması vətəndaşları öz güclərinə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qoyurdu. Həmin dövrdə fərarilik baş alıb gedirdi. Azərbaycan gəncləri müxtəlif bəhanələrlə ordu sıralarına getməkdən yayınırdılar. Belə olan halda vətənpərvərlik hissinin aşılanmasından söhbət gedə bilməzdi. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən ulu öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa edib, normal iqtisadi mühit formalaşdırmaqla bütün sahələrin inkişafına, o cümlədən ordu quruculuğuna geniş imkanlar açdı. Ümummilli Liderin beynəlxalq standartlara cavab verən ordunun formalaşdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkdi. Bir mühüm məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların hazırlanması məqsədilə C.Naxçıvanski adına hərbi liseyin əsasını qoymuşdur. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.

Bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümünü qeyd etdik. Bu tarixi hadisə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yoluna nəzər salmağı bir zərurətə çevirdi. Bu mühüm məqam da xüsusi önə çəkildi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğının dövlət siyasətinin əsasına çevrilməsi ordu quruculugu sahəsində müsbət irəliləyişlərə, ən əsası gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə öz müsbət təsirini göstərdi. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz bugünkü gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi öyrənməli və təbliğ etməlidirlər. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.”

Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ordu quruculuğu sahəsində də özünü qabarıq şəkildə büruzə verir.

Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir. 26 iyun- Silahlı Qüvvələr Günündə keçirilən möhtəşəm hərbi paradlar ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var. Azərbaycan gəncləri hesabına formalaşmış və mükəmməl nizami ordu kimi tanınan Azərbaycan Silahlı Qüvvələri hərbi hazırlıq və müasir texnikanı idarə etmək bacarığı baxımından bölgədə fərqlənir. Möhkəmlənən iqtisadi imkanlarımız hesabına daha da təkmilləşən Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir. Müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş mükəmməl ordunun formalaşması vətənə, xalqa xidmət və sədaqətdən qaynaqlanır.

Bu gün bu fikri də böyük fəxrlə qeyd edirik ki, Azərbaycan gəncləri ordu sıralarına böyük ruh yüksəkliyi ilə yollanırlar. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində gənclər yüksək vətənpərvərlik ruhu və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar. Bu gün ordu quruculuğu sahəsində atılan davamlı addımlar, ölkə Prezidenti İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfəri çərçivəsində hərbi hissələrdə olması, əsgərlərin qayğıları ilə yaxından maraqlanması və sair kimi addımları gənclərimizdə vətənpərvərlik hisslərini daha da artırır, “Vətən mənə oğul desə nə dərdim” söyləyib, ordu sıralarında yüksək əhval-ruhiyyə ilə xidmət etməyə ruhlandırır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü və qüdrətli ordusu vardır.

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanır.

Müdafiə qüdrətimizin artırılmasının Azərbaycan dövlətinin daxili məsələsi olduğunu bir daha diqqətə çatdıran cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir: “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır.”

Son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Azərbaycan gəncliyinin hamisi kimi yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq tələblərə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan, imzaladığı Dövlət proqramları ilə ölkə əhalisinin 40 faizini təşkil edən gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradan cənab İlham Əliyev Ali Baş Komandan kimi gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam-intizam və hazırlıqlarından məmnun qalır: “Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.” 29 ilə yaxın müstəqililk tarixinə malik olan Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizin bu gün ordu sıralarında şərəfli hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanmaları da bir çox məqamlara aydınlıq gətirir. Azərbaycan əsgəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını böyük inam və fəxrlə bildirirlər.

İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya bir daha cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu nümayiş etdirdi. Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir. Bununla yanaşı, yaradılmış şəraitdən sui-istifadə halları da diqqətdən kənarda qalmadı. Bəzi qüvvələr prosesə siyasi məzmun verməyə cəhd etdilər. Hazırda sərhəddə hərbi əməliyyatlar davam etdiyi bir zamanda bir qrup şəxsin paytaxt küçələrində iğtişaş yaratmaq cəhdləri birmənalı qarşılana bilməz. Bu kimi addımlar vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Unutmayaq ki, dövlətçilik maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır. Günbəgün güclənən, qüdrətlənən Azərbaycanın davamlı inkişafına töhfə verək, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirək. Bu, həm COVID-19-a, həm də Ermənistan Silahlı Qüvvələrinə qarşı mübarizədə qalib gəlməyimiz üçün vacibdir.

Yeganə Əliyeva, “İki sahil”