KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Öz öndərinə sahiblənməyəndə dövlət əxlaqı olmaz!

19 iyul 2019 19:15
247

Biz dövlət əxlaqı, dövlət tərbiyəsilə yetişdirildik. Bizə, nə olursa-olsun, dövlətə arxa çevirməmək, ən çətin anlarda belə dövlətin arxasında olmaq təlqin edildi. İllər keçir, həyat su kimi axıb gedir, lakin biz bu əxlaqdan bir addım olsun kənara atmırıq. Nəinki atmırıq, atmağı belə düşünmürük. Biz, dövlətə zərər gələrsə, bunun böyük bir fəlakət olacağına inananlardanıq. Ona görə də pisi ilə, yaxşısı ilə hər zaman dövlətimizlə birlikdə olduq, olmağa da davam edirik.

Vaxt oldu, dövlətimizdən qayğı və diqqət görmədik. Heç ummadıq da bunu. Çünki bizim əxlaqımıza görə, dövlətdən ummazlar, dövlət üçün çalışarlar. Kiminsə bizi təlimatlandırmasını, yol göstərməsini də gözləmədik heç vaxt. Özümüz qərar verdik, özümüz icra etdik. Bu zaman sağdan da, soldan da vurulduq, lakin usanmadıq. “Təki dövlət yaşasın”, – dedik.

Məhz dövlət əxlaqıyla yetişdirildiyimiz üçün anında qərar verib hərəkətə keçdiyimiz də az olmadı. Hakimiyyət, müxalifət demədən milli mənafelərə xidmət edən hər kəsi hər zaman dəstəklədik. Bəzən dəstəklədiklərimizin bundan xəbəri də olmadı. Hətta dəstəklədiklərimizin üzərimizə gəldiyi də oldu. Biz heç onlara demədik ki, bir bilsəydiniz sizin üçün nələr edirik…

Bizim əxlaqımızda öndərə sayğı, öndər uğruna fədakarlıq həyat tərzidir. Bizim öndərimizə heç kimin toz qondurmasına belə izn vermərik. Amma…

Amma baxıram ki, bir öndərin mirasına qonmuş bir siyasət dəllalı o öndərə atılan iftiralar qarşısında susur. Hələ onun yalnız özü deyil, çevrəsi də susur. Halbuki bu çevrə ən adi bir məsələdə belə anidən səfərbər olunar, öz varlığını sübut etməyə çalışar. İndi isə susurlar. Sanki masa üzərindəki bunların öndəri deyilmiş…

Öz sözüylə desək, Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə edən antimilli ünsür Leyla Yunus bugünlərdə gözünü yumub, ağzını açıb. Açıb, nə açıb özü də. Deyibmiş ki, Azərbaycan milli azadlıq hərəkatının öndəri, Azərbaycan Xalq Cəbhəsinin qurucu başqanı və Azərbaycanın 1992-93-cü illərdə Prezidenti olmuş Əbülfəz Elçibəy Sovet KGB-sinin (Dövlət Təhlükəsizliyi Komitəsi) agenti olubmuş. Bu Leyla iddia edib ki, Xalq Cəbhəsini də Elçibəy KGB-nin təlimat və tapşırığıyla qurubmuş.

Bu qəbildən olan səfsəfələri sıralayan Leyla Yunusla işim yox. Kimliyi bəllidir. Biz bu qadını 1990-ci illərdən çıxdaş etmişdik. Heç vaxt da onunla bizimki tutmadı, tutması da mümkün deyildi. Çünki o, bütün fəaliyyəti dövründə anti-Azərbaycan olub, olmağa da davam edir. Hətta o dərəcədə ki, Azərbaycanın müstəqillik dönəmində ingilis dilini mükəmməl öyrəndiyi halda öz dövlət dilimizi nəinki öyrənmədi, heç buna cəhd də etmədi. Qınamıram. Çünki mənim Ana-Dövlət dilim bu ünsür üçün yaddır, yabançıdır…

Dedik axı, işimiz Leyla Yunusla deyil. Onun Əbülfəz Elçibəyə və bütövlükdə xalq hərəkatına atdığı iftiraya cavab verməli olanların susmasıyladır. Heyrət içində iki gündür izləyirəm. Hardasa bir çayın daşmasını belə bəhanə edib Azərbaycan hakimiyyətinin üzərinə bütün dəstəsilə (sosial mediada səfərbər etdiyi ucuz trol çetesi) gəlməklə gündəmdə qalmağa çalışan Əli Kərimlini deyirəm. Bu adam Əbülfəz Elçibəyin siyasi mirasının sahibidir. Ən azından özü belə deyir, Elçibəyin yolunun davamçısı olduğunu iddia edir. Hərçənd biz dəfələrlə yazmışıq və demişik ki, Əli Kərimli adlı şəxsin Əbülfəz Elçibəyin ideologiyasıyla – yoluyla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Ancaq adam özü durmadan iddia edib ki, Elçibəyin yolunu gedirmiş…

İndi bu Elçibəy yolunun “yolçusu” Əli Kərimli və əlinin altındakı çevrəsi Leyla Yunusa susmaqla cavab verir. Bizi heyrətə düşürən də budur. Adam, necə olur ki, sənin liderinə şər atırlar, onu gözdən salmağa çalışırlar, sən də susursan? Bəs axı sən Elçibəyin ardıcılıydın? Bəs axı sən milliyyətçi demokrat qılafı altında siyasətlə məşğulsan? Hanı, niyə sənin o yönün gözə dəymir indi?

Bu adam Leyla Yunusa niyə cavab vermir? Bunun bir səbəbi olmalı. Var və biz də o səbəbi bilirik. Demişik, yazmışıq. Təkrar olsun deyə yenə də deyirik, yazırıq: Əli Kərimli nəinki Elçibəy yolunun davamçısı deyil, o, hətta milli ideoloji xətdən də büsbütün uzaq və ayrıdır! Bu adam özünün siyasi karyerasında Elçibəyin ömrü boyu mübarizə apardığı Rusiyaya qucaq açmadımı? Açdı!

Yaxud, bu Əli Kərimli deyilmi İranın fanatik dairələrinə birbaşa bağlı olan Taleh Bağırzadə və onun dəstəsinə qucaq açan? Halbuki Əbülfəz Elçibəy heç vaxt, hətta Azərbaycan hakimiyyətinə münasibətdə ən radikal mövqedə durduğu zaman belə öz davasında nə Rusiya, nə də İranla bağı olan heç kimlə eyni masa arxasına oturmadı! Amma Əli Kərimli oturdu, oturmağa da davam edir!

Əli Kərimli antimilli ünsürləri öz ətrafına yığıb Azərbaycan hakimiyyətinə qarşı “mübarizə” aparır. Leyla Yunus da antimillilərin önündə gələnlərdəndir və Əli Kərimli onunla eyni cəbhədədir. Ona görə də Kərimlinin öndəri Elçibəyə bu Leyla böhtan atır, o da susur. Bu qədər sadədir məsələ.

Bu adam prinsipsizdir. Öz öndərinə sağlığında arxa çevirdiyini heç birimiz unutmamışıq. Lakin aradan bu qədər müddət keçdikdən sonra da Elçibəyə bu qədər sayğısızlıq etməsi Kərimlinin əsl mahiyyətinin nə olduğunu göstərməyə yetər…

Dövlət əxlaqından danışmışdıq yuxarıda. Dövlət başına dövlət əxlaqına sahib olanlar gəlməli həmişə. O kəslər ki, dövlətə sahiblənməyi, bu yolda bütün maneələri aşmağı bacarsınlar. Belə olan dövlət əbədi yaşar. Öz öndərinə sahiblənməyi bacarmayanlarınsa dövlətlə işi olmamalı. Çünki elələrində dövlət əxlaqı olmaz…

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...