28 oktyabr 2020 18:34
852

Özbəkistan səfiri Ermənistanın terror aktları barədə məlumatlandırılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovu Ermənistanın həyata keçirdiyi terror aktları barədə məlumatlandırıb.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə bildirilib ki, görüş çərçivəsində A.Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə toxunaraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini, davamlı təxribatlarını xüsusi vurğulayıb, günahsız mülki əhaliyə, mülki obyektlərə raket zərbələri endirərək terror və müharibə cinayətləri törətdiyini bildirib. Komitə sədri işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı sentyabrın 27-də təşkil etdiyi növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq beynəlxalq hüququn tələblərinə uyğun şəkildə vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və ölkəmizin işğal olunmuş ərazilərinin azad olunması üçün öz ərazisində apardığı əks-hücum və antiterror əməliyyatı barədə qonağı məlumatlandırıb. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunan yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən aparılan hazırlıq işləri barədə səfirə məlumat verilib.

Özbəkistanın münaqişə ilə bağlı dəyişməz mövqeyini – Dağlıq Qarabağın və işğal olunmuş bütün ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiqləyən səfir B.Aşrafxanov ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və bu münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyində əminliyini bildirib.

Görüşdə iki ölkənin müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması, tikinti və şəhər infrastrukturunun təkmilləşdirilməsi sahəsində son illər ərzində formalaşmış əməkdaşlığın inkişaf etdirilməsi imkanları, layihələndirmədə müasir texnologiyaların tətbiqi, şəhərsalma fəaliyyətinin həyata keçirilməsinə dövlət nəzarəti və sair sahələrdə ikitərəfli əlaqələr və potensial birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb.