13 avqust 2020 18:08
1503

Özəl sektora dövlət dəstəyi: Fərdi sahibkarlara vəsaitlərin köçürülməsinə başlanılıb

Bütün ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib. Azərbaycan da qlobal məkanın bir üzvü olduğu üçün bu problemlərdən, təhlükələrdən uzaq deyil. Lakin ölkəmizin öz iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun işləyib hazırlaması bu problemi kəskin yaşamamasını şərtləndirdi.

Azərbaycanda koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə iqtisadi fəallığın azaldılması kimi məcburi addımlara gedildikdən sonra hökumət sahibkarlığın dəstəklənməsi məqsədilə ciddi addımlar atdı. Belə ki, onlar  üçün müxtəlif dəstək mexanizmləri işə salındı. Təkcə bir faktı qeyd edək ki, cari il iyulun 1-dək muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait ayrılıb. Üstəlik, sahibkarlara dəyən zərərin ödənilməsi məqsədi ilə bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilib. Məsələn, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad ediliblər. Həmin sahibkarlara, 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulub. Mikrosahibkarlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilib.

Azərbaycanda koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davamlı xaraker daşıyır. Belə ki, Prezidentin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Qeyd olunan rəqəmlər bir daha sübut edir ki, pandemiyanın Azərbaycan vətəndaşlarına təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən siyasət birbaşa dövlət başçısının nəzarətindədir və COVID-19-un həm sahibkarlara, həm muzdlu vətəndaşlarımıza, eyni zamanda, işləməyən vətəndaşlarımıza təsirlərinin azaldılmasına xidmət edir.

Nigar Orucova, “İki sahil”