29 aprel 2020 10:05
2535

Özəl sərmayənin təşviqi istiqamətində əlavə addımlar atılmalıdır

Dövlətimizin başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclasda pandemiyadan sonrakı dövrün prioritetlərinə bir daha diqqət yönəltmişdir

Dövlətimizin başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclasda birinci rübün yekunlarının müzakirəsi zamanı verilən tapşırıqlara diqqəti yönəldərək bildirmişdir ki, təbii ki, bu tapşırıqların hamısı yerinə yetirilməlidir və bununla əlaqədar mənə müntəzəm olaraq məlumat verməlisiniz.

Verilən tapşırıqlara diqqət yetirək. Özəl sərmayənin təşviqi istiqamətində əlavə addımlar atılmalı, iqtisadi liberallaşmaya daha inamla getməli, investisiyalar üçün bütün sahələr açıq olmalıdır: “Biz həm yerli investorları, həm xarici investorları inandırmalıyıq ki, onların investisiyaları səmərə verəcək, onlara gəlir gətirəcək.”

Bu gün dünyanı bürüyən pandemiyanın ölkələrin iqtisadiyyatına təsiri qaçılmazdır. Hər zaman vurğulandığı kimi, heç bir ölkə belə hallarla qarşılaşmaqdan sığortalı deyil. Əsas olan yaranmış çətinlikləri aradan qaldırmaq üçün mövcud imkanlardan səmərəli istifadə etmək, prioritet təşkil etməyən xərclərin ixtisar olunmasıdır. Cənab İlham Əliyev videokonfrans şəklində müşavirədə də bu vacib məqamı açıqlayaraq bildirmişdir ki, dövlət xərclərinə yenidən baxılacaq, vəsatin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır.

Qeyd etdiyimiz kimi, pandemiyanın hələ davam etdiyi bu dövrləri nəzərə almasaq, hər bir ölkə iqtisadi imkanlarını artırmaq üçün investiyaların yatırılmasını daim siyasətində prioritet məsələ kimi saxalyıb. O cümlədən Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə özünü dünyaya sabitlik diyarı kimi təqdim etməklə yanaşı, böyük biznes imkanlarına malik olduğunu da açıqladı. Qısa müddətdə böyük investisiyalar məkanına çevrilən Azərbaycan bu gün həm investisiya cəlbediciliyini qoruyur, həm də digər ölkələrin iqtisadiyyatına investisiya yatırır. Xüsusilə nəzərə alaq ki, Azərbaycan həm “Doing Business” proqramında böyük irəliləyişə nail oldu, həm də iqtisadi azadlıq indeksinə görə yüksək qiymətləndirildi. Yəni, ölkəmizin kredit reytinqi müsbət olmaqla yanaşı, xarici borcumuz aşağı səviyyədə oldu. Cənab İlham Əliyev videokonfrans şəklində müşavirədə bildirmişdir ki, hətta koronavirusa qədərki dövrdə bir çox hallarda dövlət xarici borcumuz daxili məhsulumuzun 17 faizini təşkil edirdi və bu, daha da aşağı düşməlidir. Dövlət borcumuzun aşağı səviyyədə olması kredit reytinqimizin sabit saxlanmasına imkan verir ki, bu da investorlar üçün əsas amillərdən biridir.

“Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə, 20 ən islahatçı ölkə sırasında oldu. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə bu reallıq öz əksini tapdı ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST kimi layihələri beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın ən böyük uğurları, yenilikçi ölkə kimi tanınmasının təqdimatı kimi dəyərləndirilir. Cari ildə “ASAN xidmət” mərkəzlərinin sayının 27-yə çatdırılacağı nəzərdə tutulur. Ötən il iki DOST mərkəzi istifadəyə verildi. Cənab İlham Əliyev bildirir ki, DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir. 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi hədəflənib. Bu mərkəzlər “bir pəncərə” prinsipi əsasında 2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə müxtəlif növlərdə xidmət göstərəcək. Azərbaycan brendi kimi tanınan DOST layihəsi beynəlxalq aləmdə uğurlu yenilik, təkmil bir təcrübə kimi etiraf olunur. “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən bəhs edən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, cari ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda- Abşeron, Sumqayıt, Bərdə, Quba və Sabirabadda 5 mərkəzin təmir- tikinti işləri aparılacaq.

Azərbaycanın biri-birindən önəmli beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi də hər sahədə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması təbii ki, səbəbsiz deyil. Maliyyə imkanların artması öncə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlarla müşayiət olunur. Ötən il Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda dövlətimizin başçısı İlham Əliyevin təkmil siyasəti nəticəsində digər istiqamətlər kimi, sosial təminat sahəsində uğurlu nəticələr əldə olunduğu, sosial müdafiə sisteminin təkmilləşdiyi, müasir, şəffaf idarəetmə əsasında hədəflərə yüksək səviyyədə nail olunduğu xüsusi qeyd edilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclasda DOST mərkəzlərinin tikintisi ilə maraqlanaraq qeyd etmişdir ki, düzdür, indiki şəraitdə bu mərkəzlər fəaliyyət göstərmir. Ancaq proqramda bu il bir neçə mərkəzin tikintisi nəzərdə tutulurdu. Karantin rejimi başa çatdıqdan sonra bu mərkəzlər mütləq fəaliyyətə başlamalıdır.

İclasda bu statistika açıqlandı ki, bu il əlavə 7 mərkəzin tikilməsi üzərində iş aparılır. Onlardan dördünün bu il açılışı nəzərdə tutulur və biri artıq hazırdır. Bu, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı DOST mərkəzidir. Xüsusi karantin rejimi başa çatandan sonra fəaliyyətə başlayacaq. Həmin mərkəz gündəlik əsasda təqribən 700 insan qəbul edə biləcək, ən həssas kateqoriyadan olan insanlara dəstək verəcək. Digər mərkəzlər Sumqayıt şəhərində, Abşeron, Bərdə, Quba və Şəki rayonlarında planlaşdırılır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib.

Bütün bu addımlar ölkəmizdə qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılmasından irəli gəlir. Ölkəmizdə əlverişli biznes mühiti, güclü sahibkarlar sinfi formalaşıb. Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki ölkəmizdə istər yerli, istərsə də xarici iş adamlarının səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib.

Yaradılan əlverişli investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Davamlı inkişafın təminatına xidmət edən Strateji yol xəritələrində bu proqnoz öz əksini tapıb ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. Ötən il 98 min yeni iş yeri yaradılıb, ölkə iqtisadiyyatına 13,5 milyard dollar investisiya yatırılıb. Son 16 ildən artıq dövrdə yeni iş yerlərinin sayı 2 milyondan çox, investisiyaların həcmi isə 270 milyard dollardır. Hazırda ölkəmizdə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması dövlətimizin başçısı İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri də təqdirəlayiqdir. Yanvar-fevral aylarının statistik rəqəmləri 2020-ci ilin də çox dərin və geniş islahatlar ili olacağına əminlik yaradır. İnkaredilməzdir ki, koronavirus pandemiyası olmasaydı, daha böyük rəqəmlərdən bəhs edərdik. Azərbaycan hökuməti məhz möhkəm iqtisadi bazaya əsaslanaraq bütün önəmli sahələri əhatə edən Tədbirlər Planını təsdiqləyib icrasının uğurla həyata keçirilməsinə səy göstərməklə iqtisadi və sosial fəsadların aradan qaldırılmasını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edir. Aidiyyəti qurumlara “Sosial sahə bizim üçün həmişə prioritet olubdur, indiki şəraitdə ikiqat prioritet olmalıdır” tapşırığını verən cənab İlham Əliyev bildirir ki, son illərdə məşğulluq, sosial təminat istiqamətlərində böyük addımlar atılıb, indiki şəraitdə bu, daha xüsusi önəm daşıyır.

Koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Həmçinin 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin isə əməkhaqları tam ödənilir.

Ölkə Prezidentinin məşğulluq və sosial dəstək tədbirləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və bu məmnunluq dövlətimizin başçısına ünvanlanan məktublarda ifadə edilir.

Y.Hadıyeva, “İki sahil”