29 sentyabr 2020 16:59
519

Pakistandan yazırlar: Azərbaycanı tam qəlbimizlə dəstəkləyirik

 “Möhtərəm cənab Prezident, mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram”.

“İki sahil” Prezidentin saytına istinadən xəbər verir ki, bu fikirləri dost Pakistanın Multan şəhərindən Məsud Əhməd Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda qeyd edib.

O, Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını dəstəklədiyini qeyd edir:

“Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür. Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil”.