14 noyabr 2019 13:57
674

Pakş Atom Elektrik Stansiyasında fövqəladə hadisə baş verib

Macarıstandakı Pakş Atom Elektrik Stansiyasının (AES) dördüncü enerji blokunda nasazlıq yaranması ilə əlaqədar dünən axşam həmin enerji blokunun işini müvəqqəti dayandırmaq lazım gəlib.

AZƏRTAC xəbər verir ki, bu il yayda AES-in üçüncü enerji blokunda da oxşar problemlər yaranmışdı. O vaxt istehsalçılara elektrik enerjisi verilişini bir müddət azaltmaq lazım gəlib. Lakin sonradan dördüncü enerji blokunda demək olar ki, eyni vəziyyət yaranıb.

Bu həftə AES istehlakçılara ikinci dəfə xəbərdarlıq edib ki, elektrik enerjisi istehsalı azalır. Yerli qəzetlərin yazdığına görə, dünənki “texniki hadisə” daha müəmmalı olub. Üçüncü enerji blokunda səhər saatlarında “mexaniki avadanlığın naməlum nasazlıqları üzündən” enerji istehsalı 130 Meqavat azalmışdı.

İdarəçi şirkətin məlumatına görə, “mütəxəssislər bu problemin həlli üzərində çalışırlar”. AES nümayəndələri əlavə ediblər ki, baş vermiş nasazlıq stansiyanın təhlükəsizliyinə təsir etməyib və digər üç enerji bloku 100 faiz gücü ilə işləyir.