04 iyun 2020 10:08
895

Pandemiya dövründə sahibkarlıq dövlət dəstəyindən kənarda qalmadı

Dünyanı bürüyən koronavirus pandemiyası iqtisadiyyata, sosial həyata da ciddi təsir etməkdədir. COVID-19 əksər ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib. Azərbaycan da qlobal məkanın bir üzvü olduğu üçün bu problemlərdən, təhlükələrdən uzaq deyil. Lakin ölkəmizin öz iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun işləyib hazırlaması bu problemi kəskin yaşamamasını şərtləndirdi.

“Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirən İşçi Qrupun rəhbəri - İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 10 proqramdan ibarət zərfi ölkə başçısına təqdim edib. Bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub.

Azərbaycanda koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davamlı xaraker daşıyır. Belə ki, İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərər çəkmiş 28 092 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 815  fərdi (mikro) sahibkar, cəmi 140 907 vergi ödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 905 işçini əhatə edən 28 092 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,29 mln. manat, o cümlədən 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,64 mln. manat təşkil edir. İyunun 1-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 441 vergi ödəyicisinə 202 600 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 85,32 mln. manat vəsaitin köçürülməsi təmin edilib. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 815 vergi ödəyicisindən müraciət daxil olub, 105 412 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,89 mln. manat təşkil edir. İyunun 1-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,47 mln. manat vəsaitin 100 798 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib. Göründüyü kimi, iyunun 1-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 145 795,0 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Qeyd olunan rəqəmlər bir daha sübut edir ki, pandemiyanın Azərbaycan vətəndaşlarına təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən siyasət birbaşa dövlət başçısının nəzarətindədir və Covid-19-un həm sahibkarlara, həm muzdlu vətəndaşlarımıza, eyni zamanda, işləməyən vətəndaşlarımıza təsirlərinin azaldılmasına xidmət edir. Ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Nigar Orucova,

“İki sahil”