KÖŞƏ

Nigar Orucova

Pandemiya ilə  mübarizənin ali məqsədi: İnsanların sağlamlığını qorumaq!

23 iyun 2020 10:10
2288

Ağır fəsadları ilə bəşəriyyəti təhdid edən koronavirus (COVID-19) təhlükəsi dünyanın bir parçası olan Azərbaycandan da yan keçmədi. Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tibli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. İndiyədək görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 20-dən çox laboratoriya mövcuddur. Hətta ən müasir klinikalarla bərabər, beşulduzlu otellər də koronavirusa yoluxmuş və karantinə alınmış xəstələrin ixtiyarına verilib. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanda koronavirusa qarşı aparılan geniş və səmərəli mübarizənin bir məqsədi var - insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.

Sevindirici haldır ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan pandemiya dövründə də əhalinin maddi sıxıntı çəkməməsi üçün də böyük işlər görməkdədir. Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi. Belə ki, 3,5 milyard manatlıq sosial-iqtisadi paketdə dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam, özəl sektorda çalışan 700 min insanın isə maaşının əhəmiyyətli hissəsi ödənildi. 600 min insana 2 ay müddətində hər ay 190 manat maliyyə vəsaiti verildi. 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir. Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər olundu. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edildi. Bundan əlavə, 29 dövlətə, 3 beynəlxalq təşkilata müxtəlif formada yardım göstərildi. Tibbi ləvazimat, maska və qoruyucu kombinezonlar istehsal edən 2 zavod açıldı. Virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanalar inşa edildi. Ölkədə heç bir sosial layihə təxirə salınmadı. Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması pandemiya dövründə də davam etdirildi. Bütün bunların isə bir məqsədi var idi - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq.

Görünən odur ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub və bütün diqqəti bu sahəyə yönəldib. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərmanın imzalanması, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, ölkə başçısının və Birinci vitse-prezidentin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələri dövlətin və xalqın həmrəyliyinin, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu. Bir sözlə, bu gün yeni növ koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrilməkdədir.