07 iyul 2020 18:43
1575

Pandemiya ölkə iqtisadiyyatına mənfi təsir etsə də...

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına olduğu kimi, onun bir hissəsi olan Azərbaycanın iqtusadi həyatına da öz mənfi təsirini göstərməkdədir. Təkcə onu demək kifayət edir ki, məlum təsirin fonunda cari ilin 5 ayında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 1,7 faiz, o cümlədən neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

Hərçənd ki, 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz proqnozlaşdırılmışdı. Beynəlxalq maliyyə qurumları- Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda cari ildə ÜDM-in real artım tempinin 2,4 faiz olacağını proqnozlaşdırmışdılar. Həmçinin Dünya Bankı ötən ilin oktyabr ayında dərc etdiyi Avropa və Mərkəzi Asiya yeniləşmiş hesabatında Azərbaycanda ÜDM-in artımını 2020-ci ildə 2,3 faiz proqlaşdırmışdı.

Bununla belə ölkəmizdə iqtisadiyyatın ayrı-ayrı sahələrində artım tempi davam edib. Ötən 5 ayda ÜDM istehsalının 37,7 faizini özündə birləşdirən sənayedə 15,5 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox məhsul istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 14 faiz artıb.

Daha dərinə getsək, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalsa da, əmtəəlik qaz hasilatı 15,5 faiz artıb. Həmçinin emal sektorunda mebel, maşın və avadanlıqların, tikinti materiallarının, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərindən başqa digər sahələrdə artım qeydə alınıb. Eyni zamanda, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz artıb. Bundan başqa, yanvar-may aylarında Azərbaycanda 2 milyard 165,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. İstehsal olunmuş bitkiçilik məhsulların dəyəri 5,3 faiz, heyvandarlıq məhsulları isə 3,2 faiz artıb. Həmçinin informasiya və rabitə xidmətlərində 4,5 faiz artım olub. Ümumiyyətlə, pandemiyanın ölkə iqtisadiyyatına təsiri daha çox beynəlxalq konyukturadan asılı olan sahələrdə müşahidə olunur. Buraya neft sektorundan başqa, turizm, nəqliyyat sektorunda yük və sərnişin daşınması və digərlərini aid etmək olar.

“Global Economic Prospects: Europe and Central Asia” hesabatının iyun buraxılışında 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 faiz kiçiləcəyi proqnozlaşdırılıb. Hərçənd ki, hesabatın yanvar buraxılışında bu il Azərbaycanda ÜDM istehsalının 4,9 faiz azalacağı proqnozlaşdırılırdı.

Dünya Bankı son hesabatında Rusiyada 6 faiz, Belarusda 4 faiz, Qazaxıstanda 3 faiz, Ermənistanda 2,8 faiz azalmanın olacağını proqnozlaşdırır. Həmçinin Ukraynada 3,5 faiz, Gürcüstanda isə 4,8 faiz azalma gözlənilir.

Bir sözlə, pandemiyanın təsirlərinə baxmayaraq, ölkə iqtisadiyyatının ən çox islahatların həyata keçirildiyi sahələrində artımın davam etməsi, həmçinin ÜDM-də azalmanın az olması Azərbaycanın böhrandan minimum itkilərlə çıxmaq imkanlarından xəbər verir. Yeri gəlmişkən, Dünya Bankı yanvar ayında 2021-ci il üçün Azərbaycan iqtisadiyyatında 0,1 faiz artım proqnozlaşdırsa da, ötən ay bu göstərici 2,2 faiz olub. Bütün bunlar Azərbaycan iqtisadiyyatının qısa müddətdə bərpa olunacağına işarədir.

Ceyhun Piriyev, “İki sahil”