29 aprel 2020 10:25
2465

Pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi günümüzün əsas çağırışlarındandır

Dövlətimizin başçısı İlham Əliyevin Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ölkəmizdən daim dünyaya ünvanlanan birlik, həmrəylik çağırışlarının tərkib hissəsidir

Dünya gündəmini zəbt edən və aradan qaldırılması üçün gücləndirilmiş tədbirlərin həyata keçirilməsini bir tələbə çevirən koronavirus infeksiyası, eyni zamanda, birgə əməkdaşlığın, həmrəyliyin önəmini də aktuallaşdırır. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi, bunun ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmin, eyni zamanda, nümunəvi səviyyədə həmrəyliyimizin növbəti bariz təzahürləridir.

Bu fikir xüsusi qeyd edilir ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Hər bir ölkə bu virusla mübarizədə özünəməxsus konsepsiya irəli sürərək bu istiqamətdə ciddi addımlar atır. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğunu önə çəkən cənab İlham Əliyev bildirir ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən yüksək dəyərləndirilmiş, Azərbaycanın pandemiyadan az itki ilə çıxan ölkə olacağı böyük əminliklə qeyd edilmişdir.

Günümüzün reallıqları da bu faktı təsdiqləyir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Ölkə daxilində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və günün tələbləri əsasında karantin rejiminin daha da sərtləşdirilməsi, bu xəstəliyin coğrafiyasının genişlənməsinin qarşısının alınması beynəlxalq səviyyədə təqdir edilir, əməkdaşlıq sayəsində təcrübə mübadiləsinin aparılması fonunda digər ölkələrdə də tətbiqinə imkanlar yaranır. Türk Şurasının fövqəladə Zirvə görüşünə qatılan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirmişdir ki, gəlin həmrəylik layihəsində iştirak edək: “Gəlin baxaq, hansı metodlar, hansı vasitələr daha səmərəli olub. Bu həmrəylik layihəsində artıq bir sıra ölkələr iştirak edirlər. Pandemiyaya son qoymaq üçün əlbəttə, əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır... Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır - həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik.”

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin qurumun Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsinin, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsinin mühüm əhəmiyyət daşıdığını bir daha ortaya qoyur. Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğu nəzərə alınaraq Zirvə görüşünün regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçirilməsi nəzərdə tutulur. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək.

Ötən il Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etdi. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürdü. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.  2018-ci ildə “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransına ev sahibliyi edən Azərbaycanda müzakirə olunan məsələlər, dünyaya göndərilən mesajlar bir daha bu həqiqəti ortaya qoymuşdur ki, Azərbaycan daim sülhə, əmin-amanlığa çağırış edən ölkə kimi nüfuzunu artırır, mövqelərini möhkəmləndirir. O da bildirilmişdir ki, bu gün qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdüyü siyasət nəticəsində daha da ciddiləşən bir çox çağırışlarla üzləşirik. Bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Həmin konfransda belə bir çağırış da olunmuşdur ki, bu proses razılaşdırılmış addımlar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində irəliləməlidir ki, qərarlar beynəlxalq səviyyədə müsbət, sözün əsl mənasında, həqiqi təsir göstərə bilsin. Bərabərlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsiplərini, bütün mədəniyyətlər, dinlər və sivilizasiyalara hörmət, insan haqları və fundamental azadlıqlar, o cümlədən sülh hüququ və inkişaf hüququna hörmət prinsipləri bugünümüzün əsas tələbləridir.

Ölkəmizin günbəgün mövqeyinin, ən əsası iqtisadi müstəqilliyinin möhkəmlənməsi fonunda siyasi müstəqilliyinin də güclənməsi Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərir. Ölkə Prezidenti ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin reallıqlarımızın təbliğində böyük əhəmiyyəti olduğunu önə çəkərək bildirir ki, bu gün Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Həyata keçirilən islahatlar, aparılan siyasət ölkəmizə diqqəti daha da artırır. “Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da qeyd edir ki, bu təşəbbüslərin gerçəkləşməsində Azərbaycan dövləti öz iradəsini və qətiyyətini nümayiş etdirir. Birgə səylərin fonunda bugünümüzün hər biri çağırışını lazımi səviyyədə yerinə yetirmək mümkündür.

Azərbaycanın 2018-ci ildə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına, ötən il qurumun XVIII Zirvə görüşünə ev sahibliyi etməsi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi, eyni zamanda, dünyanı cənginə alan pandemiyaya qarşı mübarizənin gücləndirilməsində beynəlxalq birliyin, həmrəyliyin önəmini nəzərə alaraq qurumun Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü bir daha ölkəmizin dövrün, zamanın tələblərinə, ən əsası müzakirəsi və vahid mövqeyin ortaya qoyulması əsas tələbə çevrilən mövzulara uyğun olaraq addımlar atır və səylərin birləşdirilməsinə nail olur. Qeyd etdiyimiz hər üçün tədbirin əhatə etdiyi məsələlərə diqqət yetirdikdə bu məqam da diqqət çəkir ki, daim dünyada sülhün, təhlükəsizliyin təminatında maraqlı olan Azərbaycan hazırda bunun bir tərkib hissəsi olaraq insanların sağlamlığının təminatına, onların sosial müdafiəsinin təmin olunması üçün iqtisadi və sosial fəsadların aradan götürülməsinə səy göstərir. Yenə də ümumi nəticə dünyada sabitliyin, əmin-amanlığın yaradılması, həmrəyliyin möhkəmləndirilməsidir. Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın əsas hədəfi məhz sülhün və sabitliyin qorunmasına töhfə vermək, həmçinin təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsinə və qurumun nüfuzunun artırılmasına nail olmaqdır.

Təbii ki, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasətin uğurları davamlı, eyni zamanda, böyük dəstəyə malik olacaq. Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü, bu ailəyə 2011-ci ildə qəbul olunduğunu daim çıxışlarında önə çəkən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin qısa müddətdə təşkilatın və onun üzvlərinin dəstəyini qazandığını bildirir. Cənab İlham Əliyevin “Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik” fikirləri bugünümüzün reallıqlarında bir daha öz təsdiqini tapır. Birlik, həmrəylik fonunda pandemiya ilə mübarizə öz müsbət nəticəsini verəcək. Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir dövlətin mübarizə tədbirləri mövcuddur. Onların qarşılıqlı təhlili, ümumi yanaşmanın ortaya qoyulması əsasında bu bəladan qısa müddətdə xilas olmaq mümkündür. Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının nəzərdə tutulan Zirvə görüşü ilə bağlı istər ölkə, istərsə də dünya mətbuatında aparılan müzakirələrdə ümumi mövqe ondan ibarətdir ki, bütün sahələrdə təcrübəsi nümunə olan Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə təcrübəsi də öz müsbət nəticəsini verəcək. Azərbaycandan türk dünyasına, dünya dövlətlərinə ünvanlanan mesajlar bir daha bu kimi həqiqətlərə işıq salır ki, birlik, həmrəylik, ədalət meyarını qorumaq əsasında qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür.

Yeganə Əliyeva, “İki sahil”