16 sentyabr 2020 18:42
376

Pandemiya xarici ticarətimizə necə təsir edib?

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasına əsasən bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 27,6 faiz azalaraq 16 milyard 570 milyon 630 min ABŞ dolları təşkil edib. Azərbaycandan xarici ölkələrə 9 milyard 880 milyon 110 min dollar dəyərində məhsullar ixrac edilib, idxalın həcmi isə 6 milyard 690 milyon 520 min dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ixrac 27 faiz, idxal isə 28,7 faiz azalıb.

Pandemiyanın qlobal iqtisadiyyata mənfi  təsirləri Azərbaycanın ixracına da öz təsirini göstərməkdədir. 8 ayın yekununa əsasən, ixracın ümumi məbləği azaldığı kimi, ixrac olunan mal çeşidində də azalma qeydə alınıb. Hesabat dövründə Azərbaycandan 2 475 adda mal ixrac olunub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 173 adda mal və ya 6,5 faiz azdır. Əsas ixrac məhsulu olan xam neftin ixracında azalma olsa da, təbii qaz ixracında həcm etibarilə 21 faiz, dəyər ifadəsində isə 20 faiz artıb. 

İdxala gəlincə, cari ilin 8 ayında 7136 adda mal çeşidi idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 adda mal və ya 0,1 faiz çoxdur. Bu dövrdə düyü, kərə yağı, süd kimi məhsulların idxalı artıb. Həmçinin avtomobil idxalında artım davam edib. Buğda isə idxalı azalan məhsulların arasında yer alıb.

Ayrıca, ümumi idxalın ötən ilə nisbətən azalması  Dövlət Neft Fonduna məxsus qızılın ölkəyə gətirilməsi hesabına  2019-cu ildə idxalın əvvəlki illə müqayisədə artması ilə bağlıdır. Söhbət ondan gedir ki, 2019-cu ilin 8 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 36,69 faiz artım olmuşdu. Bu mənada 2018-ci illə müqayisədə 2020-ci ilin 8 ayında idxalın cəmi 2,52 faiz azaldığı məlum olur.

Xarici ticarət dövriyyəsində İtaliya birinciliyini qorusa da, iki ölkə arasında ticarətin məbləğində azalma olub. Rusiya ilə ticarət dövriyyəsi də azalmaya məruz qalıb. Türkiyə ilə ticarətin həcmi isə artıb.   

Azərbaycanın 8 ayda ixracına da İtaliya başçılıq edir, baxmayaraq ki, bu ölkəyə ixracın məbləği azalıb. Ümumilikdə isə Türkiyə, Rusiya, Yunanıstan və  Tunisə ixracda artım, İsrail, Çin, Hindistan, Almaniya və s. ölkələr üzrə azalma olub.

Həmçinin Rusiya idxalda lider olsa da, bu ölkədən idxalın həcmi azalıb. Türkiyə, Çin, İtaliya, Böyük Britaniya, Yaponiya və digər ölkələrdən idxalda artım, ABŞ, Almaniya, İran, Fransa və s. ölkədən idxalda azalma qeydə alınıb.    

Ümumilikdə Rusiya ilə ticarət balansının kəsiri azalıb, Türkiyə ilə ticarətdə müsbət saldo isə artıb. Azərbaycanın xarici ticarət balansında ən böyük üstünlüyü İtaliya üzərindədir. Bu ölkə ilə ticarətin 92 faizini Azərbaycanın bu ölkəyə ixracı təşkil edib.

Ceyhun Piriyev, “İki sahil”