08 yanvar 2021 17:33
1115

Pandemiyanın iqtisadiyyata mənfi təsirini azaldan amil: şaxələndirmə

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə bildirib ki, ötən il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb: “Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”.

Söhbət ondan gedir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin təkcə yanvar-noyabr aylarında ÜDM 4,3 faiz, o cümlədən qeyri- neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalıb. Hərçənd ki,  maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2021-ci ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı demişdi ki, müəyyən ssenarilərə görə, ölkə iqtisadiyyatı 10  faizə qədər kiçilə bilərdi. Başqa ifadə ilə ötən ölkə iqtisadiyyatı daha böyük itkilərlə qarşı-qarşıya olub, lakin göründüyü kimi, təhlükədən yayınmaq mümkün olub.

Doğrudanmı şaxələndirmə ölkə iqtisadiyyatını böyük itkilərdən qoruyub?

Əvvəlcə ondan başlamaq olar ki, ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə cari ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az məhsul istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 11,4 faiz artıb. Məsələ burasındadır ki, içkilərin istehsalında 10,3 faiz, mebel istehsalında 25,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində 44 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 6,9 azalmaya baxmayaraq, digər sahələrdəki artım hesabına qeyri-neft-qaz sənayesində 2020-ci ilin birinci yarısındakı ikirəqəmli artım ilin sonunadək davam edə bilib.

Eyni zamanda, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, kənd təsərrüfatı sahəsində iqtisadi artıma nail olunub. Belə ki, ötən il bu sahədə 2 faiz, o cümlədən bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9 faiz artım olub. Ayrı-ayrı sahələrə gəldikdə, ilkin rəqəmlərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında ilkin nəticələrə görə 3,1 faiz artım, süd istehsalında isə 1,7 faiz artım əldə edilib.

Görünən odur ki, kənd təsərrüfatının bir çox sahələrində nəinki azalma,  əksinə, artım qeydə alınıb. Nəticə etibarilə kənd təsərrüfatı sahəsinin inkişafında şaxələndirilmənin prioritetliyi onu pandemiyanın mənfi təsirlərinə qarşı sığortalamış olub. 

Neft-qaz sektoruna gəldikdə isə yanvar-noyabr aylarında təbii qaz hasilatında 6,4 faizlik artıma baxmayaraq, neft hasilatında 7,8 faiz azalmanın qeydə alınması bu sektor üzrə azalmanı qaçılmaz edib. Ölkə başçısının da qeyd etdiyi kimi, OPEC+ razılaşması çərçivəsində hasilatın azaldılması, eyni zamanda, neftin ucuzlaşması bu sektorda geriləməyə səbəb olub. TANAP vasitəsilə Türkiyəyə qaz ixracı isə qaz hasilatının artırılmasını şərtləndirib.    

Bir daha aydın olur ki, ölkə iqtisadiyyatının pandemiyanın mənfi təsirlərinə az məruz qalması şaxələndirilmənin nəticəsidir. Xüsusən də qeyri-neft-qaz sənayesində, həmçinin kənd təsərrüfatında artımın qeydə alınması bu sahələrdə şaxələndirilmə səviyyəsinin yüksək olmasından irəli gəlir. Bütün bunlar qeyri-neft sektorunun şaxələndirmə prinsipi əsasında inkişafının etdirilməsinin özünü doğrultmasının bariz nümunəsidir.  

Ceyhun Piriyev, “İki sahil”