27 may 2020 22:32
451

Parisdə 28 May-Respublika Günü qeyd olunub

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü məhdud formatda qeyd edilib.

Tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov və səfirliyimizin, daimi nümayəndəliyimizin diplomatları iştirak ediblər. Rəhman Mustafayev və Anar Kərimov çıxış edərək, müstəqiliyimizin tarixindən, onun yenidən bərpa edilməsindən söz açıblar.

Bildirilib ki, Respublika Gününün Parisdə qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan Respublikası ilk dəfə 1920-ci il yanvarın 10-da məhz Parisdə de-fakto tanınıb. Paris Sülh Konfransında ölkəmizi təmsil etmiş diplomatik nümayəndə heyətinin 6 üzvü məhz Fransada uyuyur. Azərbaycan müstəqilliyinin mənşəyi və rəmzi Parisdədir.

Səfirlərimiz qeyd ediblər ki, müasir dövlətçiliyimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev şərəfli ömrünü Azərbaycanı dünyada tanıtmağa sərf etdi. Bütün qüvvəsini dövlət quruculuğuna, müstəqilliyimizi daha da möhkəmləndirməyə yönələtdi. Ulu Öndər amalına və məqsədinə nail oldu, qüdrətli və yenilməz bir dövlət qurdu, Müasir Azərbaycanın dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Azərbaycan-Fransa, Azərbaycan-UNESCO münasibətlərinə toxunularaq, Birinci vitse-prezident Mehriban Əliyevanın bu münasibətlərin inkişafına verdiyi töhfələr xatırlanıb. Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi tanıdıb, regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də multikulturalizmə töhfələr verib.

Respublika Günü münasibəti ilə Fransa Prezidenti Emmanüel Makronun və UNESKO rəhbərliyinin Prezidentimizə ünvanladıqları təbrik məktublarından bəhs edilərək, onların ölkəmizin beynəlxalq nüfuzunu əks etdirdiyi bildirilib. Qeyd edilib ki, bu təbrik məktubları regionda Azərbaycana verilən böyük önəmin və ölkəmizin beynəlxalq və regional məsələlərdə fəal rol oynadığının, humanitar məsələlərdə xüsusi yeri olduğunun göstəricisidir.

Vurğulanıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsadüfi deyil. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi onun vacib beynəlxalq oyunçu olduğunu sübut edir.

Səfirlər bildiriblər ki, ən ümdə amalımız müstəqillikdir və onun uğrunda çox qurbanlar vermişik. Ulu öndər dediyi kimi “Müstəqilliyimiz əbədi və dönməzdir”. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında diplomatların üzərinə xüsusi öhdəlik və məsuliyyət düşür. Diplomatlarımız Azərbaycanın tərəqqisi və dünyada layiqli yer tutması, müstəqilliyimizin möhkəmləndirilməsi naminə Fransa ilə ikitərəfli, eləcə də UNESKO çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün bütün səylərini səfərbər edir və üzərlərinə düşən vəzifələri layiqincə həyata keçirirlər. //AZƏRTAC