27 sentyabr 2020 19:46
856

Partiya sədri: Ordumuz xalqımızı növbəti zəfərləri ilə sevindirməkdə davam edəcək

Bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşıs yenidən hücuma keçmişlər. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturtmuş, üstəlik, əks-hücuma keçərək  Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızın bir hissəsini düşməndən azad etmişdir. 

Bu fikirləri   “İki sahil” qəzetinə açıqlamasında  Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov bildirdi.

Müsahibimiz vurğuladı ki, bu, hər şeydən əvvəl Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir: “Bəri başdan əldə edilən ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı partiyamız adından təbrik edirəm. Bəli, bu gün bütün xalqımız, həmçinin qeyri-hökumət təşkilatları işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edən ordumuzun şücaətindən qürur duyur. Yeri gəlmişkən onu da qeyd edim ki, bununla bağlı rəhbərlik etdiyi partiya bəyanat da yayıb: “Bəyanatda deyilir ki, Azərbaycan Respublikaçılar Partiyasının çoxminli üzvləri cənab Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən əməliyyatı  yüksək dəyərləndirir. Bəyanatda həmçinin bildirmişik ki, partiyamızın üzvləri yaşlarından asılı olmayaraq cəbhəyə getməyə və hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazırdır”.

Müsahibimizin sözlərinə görə, son illər ölkəmiz hərbi potensialını xeyli artırıb: “Belə ki, ordumuz ən müasir silah-sursat, texnika, avadanlıqlarla təchiz edilib. Ordumuzun heyəti də hərb sənətinin sirlərinə mükəmməl  yiyələnib. Digər tərəfən, bu gün ordumuz xalqımız tərəfindən də dəstəklənir. Şübhəsiz, ordumuzun  Ermənistan ordusunun təxribatlarına tutarlı cavablar verməsinin təməlində bu kimi amillər dayanır.

Partiya sədri daha sonra bildirdi ki, şübhəsiz, Azərbaycan Ordusu xalqımızı növbəti zəfərləri ilə də  sevindirməkdə davam edəcək: “Belə ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və qələbə bayrağımız Lələtəpədə olduğu kimi, Şuşada, Xankəndidə... dalğalanacaq.”

Qvami Məhəbbətoğlu,
“İki sahil”