16 fevral 2020 12:43
1741

Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın

"Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi. Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı tarixi həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin istər Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Bilavastə göründü ki, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndiirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz durumda qaldı. Bu bir reallıqdır ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin və qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına hər zaman məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Bununla da Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək, işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir."

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov "İki sahil" qəzetinə açıqlamasında deyib.

H.Şikarov bildirib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi tamam fərqlidir və söz sahibi Azərbaycandır: "15 fevral 2020-ci il tarixdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafında panel müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev konkret sənədlərə, tarixi faktlara və dəlillərə istinad edərək  tutarlı və diplomatik çıxışı ilə Ermənistanın baş naziri Nikol Paşinyana növbəti sərt sillə vurmuş oldu. Ölkə başçısının çıxışı çox qətiyyətli, tarixi, həm də gözlənilən idi. Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın. Yenidən Azərbaycan dövlətinin hücum taktikası Ermənistanı və onun baş nazirini iflic halına saldı. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Nikol Paşinyanın gülünc və cəfəng fikirləri isə Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. Yəqin ki artıq Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə belə gülüş və məsxərə obyektinə çevrilib. Paşinyanın səsləndirdiyi fikirlər isə onun yalan və militarist ritorikadan çıxış etdiyini, siyasətdən xəbərsiz olduğunu, tarixi faktları isə hələ də dərindən araşdırmadığını bir daha təsdiqlədi. Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan işğalçı ölkənin rəhbəridir və istənilən bəyanatlarla da çıxış edə bilər. Sadəcə olaraq heç buna ehtiyac da yoxdur. Çünki Paşinyanın bəyanatları o qədər təzadlıdır ki, o ciddi bir siyasətçi kimi qəbul olunmur. Hansı bəyanatla çıxış etməsindən asılı olmuyaraq işğalçı ölkənin baş naziri ancaq  öz ölkəsinə və öz nüfuzuna zərər gətirir.   

Beləliklə, bu faktlar, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, Prezident İlham Əliyevin çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı Paşinyan üzərindəki növbəti üstün həlledici zərbə oldu. Bununla da qeyd etmək olar ki, cənab İlham Əliyev növbəti dəfə təkcə Paşinyan üzərində deyil, Ermənistan üzərində ciddi siyasi qələbəsini qazandı."

Orxan Vahidoğlu, "İki sahil"