KÖŞƏ

Elçin Zaman

Paşinyan gerçək siyasətçidən çox avantürist gəda olduğunu sübut etdi

07 avqust 2019 20:17
2775

Dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni kabinetindəki nazirlərin böyük əksəriyyəti antirusiya əhval-ruhiyyəli şəxslərdir. Həmin nazirlər bu gün də Rusiya əleyhinə açıq və gizli şəkildə təbliğat aparmaqdadırlar. Onların qənaətincə, Rusiya Ermənistanı forpost, kölə kimi saxlamaqla müasir inkişafdan, dünyaya inteqrasiyadan yayındırır.

Qeyd edək ki, ötən ay ABŞ-ın Ermənistandakı səfirinin Nikol Paşinyanla davamlı görüşləri də diqqətdən qaçmayıb. Hətta ABŞ Prezidentinin hərbi siyasətdə ən təcrübəli, böyük nüfuza malik insanlarından olan  milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ilin əvvəlində Cənubi Qafqaza ilk dəfə səfər etməsi onu göstərir ki, Tramp administrasiyası bölgədə uzunmüddətli passiv siyasətdən sonra aktiv siyasətə keçib. Ən maraqlısı budur ki, Rusiyanın nüfuzunu azaltmaq üçün Ermənistanın ABŞ-dan silah alması məsələsi gündəmə gətirilib. Yəni, ABŞ açıq şəkildə Ermənistanı Rusiyanın cəngindən qurtarmaq istəyir.

Paşinyan administrasiyası ötən günlərdə bildirib ki, Ermənistan hökumətinin üzvlərinin ABŞ-a səfərləri davamlı olacaq. Yəni, Paşinyan artıq bu qərara gəlib ki, Rusiya onları ciddi qəbul etmirsə, ABŞ-la daha aktiv əlaqələr qurmaq lazımdır.  Çünki Paşinyan başa düşür ki, ABŞ Ermənistanın həm Rusiya, həm də Qərblə yaxın əlaqələr qurması ilə razılaşacaq qədər sadəlövh deyil. Buna görə də demək olar ki, bu cür addımlar gələcəkdə Ermənistanda çox ciddi daxili siyasi böhran yarada bilər.

Payız aylarında Rusiya Prezidentinin Ermənistana səfəri planlaşdırılır. Bütün bu proseslər təbii ki, həmin səfər ərəfəsində yenidən nəzərdən keçiriləcək. Rusiyanın Ermənistanla bağlı əsas iradlarından biri də ondan ibarətdir ki, rusiyapərəst siyasətçilər bu və ya digər səbəblərə görə siyasətdən və hakimiyyətdən uzaqlaşdırılır, müxtəlif ittihamlarla həbs edilirlər. Onlardan Rusiyaya ən yaxın olan və dəstək alan Robert Koçaryandır. Koçaryanla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Çünki Putinin xahişi ilə Koçaryan azadlığa buraxılmalı idi, amma bu, baş vermədi.

Paşinyan artıq Rusiya ilə bağlı siyasətinin faydasız olduğunun fərqindədir. Yəni, bu hadisələrin fonunda hiss olunur ki, artıq Paşinyan başa düşüb ki, onun bu cəhdləri nəticə vermir və verməyəcək. Çünki Rusiya ona müxalif olan qüvvələri, “Qarabağ klanı”na aid insanları dəstəkləyir. Bu baxımdan Paşinyanın yeganə ümidi Qərbə sığımaqdır.

Məhz buna görədir ki, Paşinyan bu həftə Xankəndidə sərsəm və beynəlxalq hüquqa zidd bəyanatlarla gündəmə gəldi. O dedi ki, Qarabağ elə Ermənistandır. Hətta daha dərinə gedərək Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyini ifadə etdi. Azərbaycanın keçmiş xarici işlər nazir, siyasi şərhçi Tofiq Zülfüqarov Paşinyanın bu bəyanatını belə şərh edib ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. Hətta beynəlxalq təşkilatlar da artıq başa düşüblər ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil.

Bəs Paşinyanın Dağlıq Qarabağda yeni hərbi əməliyyatları başlatmaq istəyinin arxasında nələr durur? Təbii ki, baş nazir ilk növbədə ölkəsində ona qarşı qalxan etirazların qarşısını almaq üçün populist çıxışlarını davam etdirir. Eyni zamanda, yaxşı anlayır ki, Moskva onu tərəfdaş olaraq qəbul etmir. Onun çoxsaylı cəhdləri var idi ki, Rusiya ilə əlaqələr qursun. Təcrübə göstərdi ki, Putin Paşinyanı tərəfdaş kimi qəbul etmir və onunla əlaqələr qurmaq niyyətində deyil. Bunun əksinə Rusiya müxalifətdə olan liderləri açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə Koçaryanla bağlı olan məsələni yada salmaq olar. Buna görə də Paşinyanda və hazırkı hökumətdə müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Onlar indi başa düşürlər ki, bu köməkdən danışmaq artıq mümkün olmayacaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hər hansısa maddi kömək və yatırım edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun. Bunun nəticəsindən asılı olmayaraq o, Rusiyanın İrəvanı satdığını deyəcək və indi bütün ermənilərin Qərbə tərəf getməsnin gərəkliyini bəyan edəcək. Bu hərəkətlə o, iki məqsədinə nail olmağa çalışacaq. Birinci halda erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər tərəfdən isə daxildə olan rusiyayönlü müxalifəti satqınlıqda ittiham edə biləcək.