15 avqust 2020 13:26
1385

Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib

Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalının məşhur “HARDtalk” verilişinin radio versiyasının avqustun 14-də yayımlanmış növbəti buraxılışında olan çıxışı bir daha işğalçı ölkə rəhbərinin heç bir tarixi faktoloji əsasa söykənmədiyinin və primitiv siyasi natiqlik qabiliyyətinə malik olduğunun bariz nümunəsi oldu.

Yəqin ki, Aşqabadda MDB liderlərinin qarşısında və Münhen Təhlükəsizlik Konfransında olduğu kimi bu dəfə də Ermənistan cəmiyyətinin bütün zümrələrindən Paşinyana tənqid yağdırılacaq. Çünki işğalçı ölkə rəhbəri üçün konkret meydan oldu və Paşinyan doğrudan da özünü orada realizə edə bilmədi. Nəzərə alsaq ki, dövlət başçısı beynəlxalq platformada və məşhur telekanallarda öz çıxışı və müsahibəsi ilə bütün xalqı təmsil edir, deyə bilərik ki, Paşinyan həm şəxsi göstəricilərinə, həm də ümumi mövzuya yanaşmaya görə növbəti dəfə məğlub olaraq rəzil duruma düşdü. Erməni xalqı Paşinyanın rəhbərliyi ilə həyata keçirilən inqilabdan sonra hakimiyyəti devrilən siyasi-kriminal idarəetmənin zamanından daha yaxşı yaşayacağın düşünsə də  nəticədə bunun əksi ilə qarşılaşdı. Artıq iki ildir ki, Paşinyan verdiyi vədlərin heç birini həyata keçirmədi və buna görə də Ermənistan rəhbərliyi daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur, danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir. İşğalçı da həmin auditoriyada çıxıb suallara cavab vermək əvəzinə sadəcə sualdan yayınmağa və suala aid olmuyan cavablar verməklə və ya yalana güc verməklə həqiqətdən yayındı. Yaxşı olardı ki, Paşinyan özünə tərcüməçi götürərdi, nəinki elə gülməli vəziyyətə düşəydi. O meydanda belə göründü ki, Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib. Beləliklə, işğalçı bu dəfə də bütün erməni xalqını biabır etdi. Hesab edirəm ki, "HARDTalk" verlişi onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı. Ermənistan baş nazirinin növbəti dəfə siyasi iflasa uğraması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də yenidən etiraf etmək məcburiyyətindədir. Yəqin ki, həmişə olduğu kimi erməni təbliğat maşını bu dəfə də onu düşdüyü bu rəzil durumdan xilas etməyin yollarını axtaracaq.

Anar Məmmədov,

Milli Məclisin deputatı