KÖŞƏ

Cavid Əkbərov

16 noyabr 2020 17:52
839

Paşinyan rejimi indi də öz xalqına müharibə elan edib

İşğalçı Ermənistan artıq məğlub tərəfdir. Cəbhədəki hadisələr və İrəvanda baş verənlər ermənilərə ciddi dərs olmalıdır. Artıq İrəvanda siyasi proseslər, acıqlı xalqın davranışları idarəolunmaz həddə çatıb. İctimai-siyasi böhran dərinləşib. Demək olar ki, baş nazir Paşinyan ölkədəki vəziyyətə nəzarəti tam itirib. İndi onun sözləri, vədləri, səsləndirdiyi şüarların hamısı sadə ermənilər üçün sabun köpüyündən başqa bir şey deyil.

Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması artıq adi hal alıb, fərqli düşünənlərə qarşı sözün əsl mənasında müharibə elan olunub. Paşinyanın göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur.

Hazırda bu işğalçı ölkədə media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti tam məhdudlaşdırılıb. Artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Noyabrın 13-də İrəvanda Razdan körpüsünün altında Ermənistan Milli Məclisinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıb. Bundan öncə Dövlət Təhlükəsizlik Xidməti parlamentin vitse-spikeri Eduard Şarmazanovu, “Vətən” Partiyasının sədri, DTX-nin keçmiş rəhbəri Artur Vanetsyanı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanı, parlamentin sabiq vitse-spikeri Ara Saakyanı həbs edib.

Daha əvvəl Daşnaksütyun Partiyasının rəhbərliyində olan İşxan Saqatelyan saxlanılıb. Parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda N.Paşinyanın günahı olacağını bəyan edib. “Mənim addımım” fraksiyasının üzvü, deputat Vardan Atabekyan Nikol Paşinyanın imzaladığı kapitulyasiya bəyanatından narazılığını ifadə etdiyinə görə onun evinə hücum təşkil edilib.

Təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ayrenik” partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə daxil olaraq orada axtarış həyata keçiriblər. Əhaliyə etiraz aksiyalarına çıxmaq qadağan olunur, fəallar, onların ailə üzvləri qorxudulur. Faktiki olaraq xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.

Maraqlıdır ki, insan haqları haqqında gen-bol danışan Qərb dairələri, beynəlxalq təşkilatlar, hər zaman olduğu kimi, qərəz nümayiş etdirirlər. Ermənistanda baş verən biabırçılıqlara göz yumur, bu ölkədə törədilən qanunsuzluqlara heç bir reaksiya vermirlər. Belə görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar.  Halbuki, Ermənistanın paytaxtı İrəvanda keçirilən mitinq iştirakçılarına qarşı tətbiq edilən zorakılıqlarla bağlı bütün dünya ayağa qalxmalı idi. Hərbi xunta rejimi Ermənistanda vətəndaşlara zor tətbiq edir. Ancaq beynəlxalq təşkilatlar bu kimi hadisələri sakitliklə qarşılayırlar. “Azadlıq” radiosunun İrəvandakı ofisinə edilən basqına heç nə olmamış kimi reaksiya vermirlər. Bəzi təşkilatlar isə zorakılıqla bağlı səthi açıqlamalar, bəyanatlar verirlər. Təəssüflər olsun ki, hələ də ikili standartlar davam edir.

Ermənistanda vətəndaşlar təkcə ordunun ağır məğlubiyyəti, ölkədə siyasi hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi şəkildə narazıdırlar. Hazırda Ermənistanda ərzaq daxil olmaqla əksər məhsulların qiymətində kəskin artım müşahidə olunur. Bahalaşma onsuz da ciddi sıxıntılar içində yaşayan kasıb ermənilərin vəziyyətini daha da ağırlaşdırır. Bu azmış kimi, erməni mətbuatı ölkəyə gətirilən malların əksəriyyətinin qiymətinin yenidən qalxacağının anonsunu verib. Kəllə-çarxa qalxan qiymətlər dərin iqtisadi böhran yaşayan, bundan əlavə, koronavirusla mübarizə aparmaq iqtidarında olmayan Ermənistanda həyatı iflic edir. Bu cür sıralanmış ağır problemlər getdikcə işğalçı ölkəni fəlakətə sürükləyir.

Məlum proseslərin fonunda siyasi təlatümlər Paşinyan hakimiyyətinin sonunu gətirir. Artıq Ermənistanda siyasi qüvvələr, klanlararası qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, dünya yaxın günlərdə Nikolun qurduğu gestapo rejiminin çöküşünü müşahidə edəcək. Bu işdə Azərbaycan Ordusunun vurduğu zərbələr isə həlledici olacaq!

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?