KÖŞƏ

Qvami Məhəbbətoğlu

Paşinyanın Davos qorxusu

30 yanvar 2020 19:51
3136

Ermənistan siyasi, iqtisadi tənəzzülə uğradığı kimi, xarici siyasətdə də uğursuzluq yaşamaqdadır. Hətta iş o yerə çatıb ki, son zamanlar öz sərsəm bəyanatları ilə ölkəni daha da acınacaqlı vəziyyətə salmış baş nazir Nikol Paşinyan bir çox ölkələrə özü səfərə getmir, prezident Armen Sarkisyanı göndərir. Baş nazir İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumuna da getmədi. Halbuki ötən il o, bu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatın forumunda iştirak etmişdi.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “İki sahil” qəzetinə   açıqlamasında bildirdi ki, Nikol Paşinyanın Dünya İqtisadi Forumunda iştirak etməməsində heç bir təəccüblü məqam yoxdur: “Belə ki, baş nazır Nikol Paşinyanı öz sələflərinin işğalçılıq siyasətini davam etdirməkdədir. Elə bu səbəbdən onun rəhbərlik etdiyi ölkənin xarici bazarlara çıxışı, demək olar ki, sıfıra bərabərdir. Xarici bazarlara çıxışı olmayan ölkələrə isə dünyanın aparıcı şirkətlərinin əsla marağı olmur. Bu mənada Nikol Paşinyan ölkəsinin iqtisadi layihələrdən kənarda qaldığını çox yaxşı başa düşür. Artıq o, dərk edir ki, bölgədəki bütün iqtisadi layihələrə yol yalnız və yalnız Azərbaycandan keçir”.

Müsahibimiz qeyd etdi ki, Dünya İqtisadi Forumu  ölkələrə xarici investisiya cəlb etmək platforması rolunu oynayır: “Nikol Paşinyan Dünya İqtisadi Forumunda nədən danışacaqdı ki? Ermənistanın olmayan iqtisadiyyatındanmı, olmayan layihələrindənmi? Yoxsa Ermənistanın iqtisadi inkişafı ilə bağlı şişirtdiyi rəqəmlərdənmi? Yeri gəlmişkən, Nikol Paşinyan ötən ilin yekunlarına görə, Ermənistanda təkcə MDB məkanında deyil, bütövlükdə Avropada ən yüksək iqtisadi artım qeydə alındığını bildirmişdir. Dediyim kimi,  belə mötəbər forumda iştirak üçün gərək layihələr, təkliflər, müqavilələr, real inkişafı özündə əks etdirən rəqəmlər ola. Ermənistanın isə heç bir resursu yoxdur. Bir sözlə, Nikol Paşinyan Ermənistan üçün hər hansı konkret perspektiv görmədiyindən Davosa özü getmədi, çəkindi, hətta deyərdim ki, qorxdu. Odur ki, Dünya İqtisadi Forumunda iştirakdan imtina etdi. Nikol Paşinyanı bu məsələdə haqlı saymaq olar, çünki Davos İqtisadi Forumunda Ermənistan üçün, gerçəkdən də heç bir perspektiv yoxdur və olmayacaq da. Digər tərəfdən, hazırda Ermənistanda sosial-iqtisadi müstəvidə vəziyyətin daha böyük sürətlə pisləşməsi müşahidə edilməkdədir. Artıq hakimiyyətə qarşı artan etiraz dalğaları fonunda aksiyalar səngimir. Getdikcə daha gərgin xarakter almağa başlayan sosial-iqtisadi vəziyyət işğalçı ölkədə həm də xaotik bir durum formalaşdırıb. Bu isə hər şeydən əvvəl yalnız özünü düşünən Nikol Paşinyanın yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin real nəticəsidir. Üstəlik, Ermənistanda siyasi gərginlik də pik həddinə çatmaqdadır. Elə bu kimi səbəblərdən Nikol Paşinyan Davosa özü getmədi, simvolik fiquru - prezidenti göndərdi. O da ilk görüşünü kiminlə keçirsə yaxşıdır? Separatçılığa meyilli İraq Kürdüstanının lideri Neçirvan Barzani ilə...Özü də görüş  qapalı şəkildə keçirilib, bununla da Ermənistan nümayəndəsi bir daha erməni xislətini ortaya qoyub”.

“Nikol Paşinyanın Dinya İqtisadi Forumuna qatılmaması həm də İrəvanın geosiyasi müzakirələr və geoiqtisadi planlaşdırmalar müstəvilərindən tam kənarlaşdırıldığını  göstərir” sözləri ilə söhbətini davam etdirən müsahibimiz ötən il Nikol Paşinyanın 49-cu Davos İqtisadi Forumunda iştirakına da aydınlıq gətirdi: “O, həmin tədbirə sadəcə özünü göstərməyə, nələrə isə nail olmağa  gəlmişdi. O elə bilirdi ki, öz yalanları ilə istədiklərinə nail olacaq. Lakin bir neçə görüş keçirməklə kifayətlənməli oldu, çünki  dərk etdi ki, problemlər içində boğulan Ermənistan iqtisadi tərəfdaş kimi dünya nəhəngləri üçün  heç bir əhəmiyyət,  maraq kəsb etmir”.

Bəli, artıq dünya Ermənistanın işğalçılıq siyasətinə görə ondan  üz çevirir. Bu isə Serj Sarkisyanın xunta rejimini devirib, populist bəyanatları ilə  hakimiyyəti ələ keçirən Nikol Paşinyanın özünün inqilabın qurbanı ola biləcəyindən xəbər verir. Yeri gəlmişkən, son məlumata görə, hazırda həbsdə olan eks-prezident  Robert Koçaryan hakimiyyətə qarşı hərəkata rəhbərlik edəcəyini, ölkənin Nikol Paşinyandan azad olunmasında fəal rol oynayacağını  bəyan edib.