04 iyul 2020 11:04
511

Paşinyanın diktatura xisləti erməniləri hakimiyyət dəyişikliyinə sövq edir

Prezident İlham Əliyev: Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir

Bir tərəfdən, pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini və acgözlüyüynü önə çıxarır.

Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda baş nazir artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Moskvanın Ermənistana Paşinyanın təklif etdiyi qiymətə qaz satmaq xahişindən imtina etməsi və Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ probleminin mərhələli şəkildə həllinin vacibliyinə diqqət yetirdiyi bəyanatlar Ermənistan rəhbərinin vəziyyətini daha da gərginləşdirib.

Yerli və xarici analitiklərin yekdil rəyi: Ermənistanda dövlət idarəetmə sistemi xaosa sürüklənir

Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün Ermənistanda dövlət idarəetmə sistemi xaosa sürüklənir.

Paşinyanla münaqişədən sonra ölkəni tərk edən Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və “Vətən” İnkişaf Fondunun Himayəçilik Şurasının sədri Artur Vanetsyan mətbuata müsahibəsində bildirib ki, hakimiyyətin ali eşelonlarında qarşıdurma dərinləşməkdədir. Ermənistan hökumətinin Rusiya ilə gərgin münasibətləri fonunda ölkədəki böhran daha da dərinləşib. Ermənistanda nəşr edilən “Fakt” qəzetinin məlumatına görə, siyasi dairələrdə bir neçə variant müzakirə olunur və onlardan biri Ermənistan prezidenti Armen Sarkisyana aiddir. Qəzetin yazdığına görə, Paşinyan hakimiyyətdə olduğu iki il ərzində cəmiyyətlə bütün körpüləri yandırıb və bütün mümkün sərhədləri aşıb. Salamat qalmış yeganə “körpü” prezident Armen Sarkisyanla əlaqədir ki, Nikol hazırda bundan istifadə etməyə çalışır.

Vurğulayaq ki, Ermənistandakı daxili siyasi vəziyyətin gərginləşdiyini sübut edən daha bir fakt yalnız bir günün içində - iyunun 8-də baş nazir Nikol Paşinyanın üç güc strukturunun rəhbərini - Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanı və Ermənistan polisinin rəisi Arman Sarkisyanı işdən çıxarmasıdır.

Bəzi iddialara görə, çətin vəziyyətə düşən N.Paşinyan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşüb, ondan bəzi məsləhətlər alıb. Məhz bu görüşdən sonra onun yuxarıda qeyd olunan şəxsləri vəzifələrindən kənarlaşdırması da Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Bunun ardınca Ermənistan parlamentindəki ikinci ən böyük siyasi qüvvənin - 132 deputatdan 25-ni təmsil edən “Çiçəklənən Ermənistan” müxalifət partiyasının sədri Qaqik Sarukyan Nikol Paşinyan və hökumətinin istefasının vacibliyini bəyan edib: “Mən əvvəl deyirdim ki, hökumətin tərkibinin 97 faizini dəyişdirmək lazımdır. Ancaq bu gün uğursuzluqları görərək deyə bilərəm ki, bu hakimiyyətin kadrlarının 97 yox, 100 faizi dəyişməlidir, çünki onlar bütün sahələrdə uğursuz olduqlarını sübut etdilər.”

Ermənistanda siqaret qaçaqmalçılığının başında Nikol Paşinyan dayanır

Artıq Sarukyanın istefa çağırşlarına və sərt tənqidlərinə dözməyən Paşinyan deputat mandatını əlindən almaqla onu həbsə atdırdı. Eyni zamanda, Ermənistan parlamentində təmsil olunan üçüncü böyük siyasi qüvvə - “İşıqlı Ermənistan” partiyası (17 deputat) da hesab edir ki, Ermənistan hökuməti islahatlar aparmaq iqtidarında deyil. Prezident İlham Əliyev məhz bu işğalçı ölkənin bərbad durumu barədə iyunun 25 -də hərbçilərlə görüşündə dəqiq analiz verib: “Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.”

Ermənistanın hazırkı hakimiyyəti isə demokratik libasda hakimiyyətə gəlsə də az sonra məlum oldu ki, ən qeyri-demokratik “lider”dir və ona qarşı azad söz, azad fikir söyləyənlər ya həbs olunurlar, ya da ki, təzyiqlərə dözməyərək ölkədən qaçırlar. Məhz mövcud Ermənistan hakimiyyətinin rəhbəri Nikol Paşinyan bu gün siyasi rəqiblərinə qarşı ən iyrənc siyasi təzyiqlərin müəllifidir. Bu barədə ölkəmizin başçısı çox dəqiq fikirlər bildirib: “Hazırda Ermənistanda diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir. Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bu artıq üzə çıxanlardır. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, - bir fond yaradıblar, - o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni, bu gün Ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib.”

Təbii ki, küçə inqilabının üçüncü ilində Paşinyan ölkəsindəki xaosu görür və ona qarşı qüvvələrin birləşməsindən ehtiyat edir. Buna görə də o, yalnız siyasi rəqiblərini həbs etdirməklə kifayətlənmir, eyni zamanda, yüksək postlara özünə tam sadiq adamlar təyin edir ki, hansısa etirazlar olsa, güc strukturları tam olaraq onu dəstəkləsin.

Elçin Zaman,

“İki sahil”