KÖŞƏ

Vəli İlyasov

Paşinyanın “ikinci ordu” şousu və...

27 avqust 2020 18:41
3316

Açıqca görünür ki, Ermənistan öz ordusunun gücünə inanmır və baş nazir Nikol Paşinyan tərəfindən yeni ordu yaradılması barədə fikir ortaya atılıb.

Artıq Ermənistanın Müdafiə Nazirliyi ölkədə ikinci ordu yaratmağa başlayıb. “Müdafiə haqqında” qanuna ediləcək dəyişiklikdə göstərilir ki, “Ermənistanın Müdafiə Nazirliyi ölkədə ikinci ordu yaratmağa hazırlaşır”.

Qanundakı yeni dəyişikliklər ölkədə “xalq səfərbərlik qüvvələri” adlı silahlı birləşmələrin yaradılmasını nəzərdə tutur. Könüllülərdən formalaşdırılacaq “səfərbərlik hərbi birlikləri” əsasən Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında dislokasiya olunan hərbi hissələrin nəzdinə veriləcək, briqada və alaylara bölünəcək. Hələlik xarici ölkələrdən gətirilən başkəsən ermənilərin də həmin hərbi hissələrdə xidmətə cəlb olunması barədə bir söz deyilməsə də, onların da bu qoşunlarda yerləşdiriləcəyi nəzərdə tutulur. Ancaq çabalayan Ermənistanın rəhbərləri yaxşı bilirlər ki, qoca-qoltuqlar və az sayda muzdlu qatillərdən ibarət ordu ilə  müasir atıcı silahlarla, aviasiya, zirehli texnika, artilleriya və müxtəlif güclü raket sistemləri ilə yaxşı silahlanmış Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməzlər. Belə nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərləri xalqın ölmüş döyüş ruhunu yüksəltməyə və guya özlərinin də ehtiyat tədbirləri gördüklərini nümayiş etdirməyə çalışırlar. Livandan və Suriyadan gətirilən ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində məskunlaşdırılmaları buna dəlalət edir. Əhalisini doyunca çörəklə təmin edə bilməyən kasıb bir respublikanın başçılarının bu ağılsız addımları cəmiyyətdə pessimizmi daha da artırır. Baş nazirin bu kimi ağılsız tədbirləri artıq vəzifəli şəxslərin narazılığına səbəb olur. Onların bəziləri baş nazirə qarşı gizli və açıq çıxışlar etməyə başlayıblar.

Ermənistanın səhiyyə naziri Arsen Torosyanın və daha bir neçə yüksək vəzifəli şəxsin  vəzifələrindən kənarlaşdırılacağı barədə fikirlər səslənməkdədir. Səhiyyə nazirinin vəzifəsindən uzaqlaşdırılmasına   səbəb onun “Facebook” səhifəsində karantin zonalarının rəhbəri Narek Vanesyanla yazışmasında baş nazir Nikol Paşinyanı “sarsaq”, “xəstə”, “debil” və “bisavad” adlandırmasıdır. Başqa epitetlər də var. Lakin nazirin yazışmaları faş olan kimi, Nikol Paşinyan dərhal əsl sifətini göstərməyə başlayıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti yazışmaları Paşinyana təqdim edəndən sonra o, cin atını minərək şəkkak nazirə qarşı hücuma keçib. Özünü sığortalamağa çalışan Torosyan dərhal sosial şəbəkələrdəki bütün profil və hesablarını silib. Ancaq Torosyan tək deyil, belələri çoxdur və onlara təzyiq göstərməklə susdurmaq vəziyyətin  düzəlməsinə müsbət təsir etmir.

Qonşularına daim quyu qazan ermənilər bu dəfə həmin quyuya özlərinin düşdüklərini hiss edirlər və oradan xilas olmağa cəhd göstərirlər. Ancaq düşdükləri bütün bəlalardan yalnız bir çıxış yolu var ki, o da işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək, qonşu dövlətlərlə normal münasibətlər yaratmaqdır. Belə olarsa nəinki Ermənistanda, eləcə də Cənubi Qafqazda sülh bərqərar olar. Nəhayət, bir gün ermənilər ayılıb bu həqiqəti qəbul edəcəklər, “ya Allah əmri ilə, ya da yan dəmiri ilə”.