19 iyul 2019 20:05
1572

Paşinyanın növbəti planı:  hədəf Armen Sarkisyanı aşırmaqdır?

Nikol Paşinyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanı həbsə atmağı ilə rahatlıq tapmayıb. İndi o, Serj Sarkisyanı zərərsizləşdirməyə başlayıb. Hətta məlumatlara görə, onun həbsi ilə bağlı daha tutarlı dəlillər də axtarmağa başlayıb. Belə ki, Nikol Paşinyan Serj Sarkisyanı 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş verənlərlə, daha doğrusu, məğlubiyyətlə əlaqədar ilişdirmək niyyətindədir. Nikol Paşinyan bu prosesdə həmin döyüşlərdə həlak olanların valideynlərinin xidmətindən bəhrələnməklə istəyini reallaşdıracağına ümid edir. Bəzi mənbələr də Serj Sarkisyanın aqibətinin Robert Koçaryan kimi olacağı, yəni onun dəmir barmaqlıqlar arasına salınacağı qənaətindədirlər.

Əgər xatırlayırsınızsa hələ ötən ilin iyulunda Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın qardaşı Ayk Sarkisyanın ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən demişdir ki,  əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, o da həbs oluna bilər. Üstəlik, əlavə etmişdir ki,  Ermənistanda toxunulmaz şəxs yoxdur. Yəni o, əvvəlcədən bu məsələyə, necə deyərlər, bir əl yeri qoymuşdu.

Beysbol kepkası, kürəyində xurcun, dilində çoxlu vədlərlə hakimiyyətə gəlmiş Nikol Paşinyanı  bu istiqamətdə yeni axtarışlara da start verib.  Məlumata görə, Serj Sarkisyanın qudası, 2018-ci ilin iyulun sonuna qədər Müqəddəs Qriqori adına Tibb Mərkəzinə rəhbərlik edən Ara Minasyan iqtisadi cinayətlərdə təqsirli bilinir. Hətta bu ayın 12-də Ermənistan İstintaq Komitəsi Ara Minasyanın həbs edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib.

Erməni politoloq Hayk Martirosyan baş verənlərin ölkədəki böhrandan diqqəti yayındırmağa hesablandığını bildirib. O, həmçinin populist çıxışlarla güclü, dinamik inkişaf etmiş dövlət qurmağın mümkün olmadığını hələ də dərk etməyən və heç nəyə yaramayan rəhbərin - Nikol Paşinyanın ölkədə xaotik bir vəziyyət yaratdığını qeyd edib. Hətta Martirosyan vurğulayıb ki, Nikol Paşinyan Ermənistanda itin yiyəsini tanımadığı bir vəziyyət yaradıb. Çünki ölkədə hər gün atəş səsləri eşidilir, kütləvi dava-dalaş, toqquşmalaqr baş alıb gedir. Odur ki, bəzi erməni saytları da Ermənistanda baş verən hadisələrin xronikasının cəbhə xəbərlərindən əsla fərqlənmədiyini bildirirlər. Məsələn, bu günlərdə İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətə qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib. Belə ki, insident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Bəzi məlumatlara görə, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Şübhəsiz, ağır iqtisadi-sosial durum insanları çıxış yolu kimi küçələrə çıxmağa vadar edir.

Digər tərəfdən, Azərbaycanda həyata keçirilən uğurlu islahatlar - problemli kreditlərin həlli, əhalinin gəlirlərinin artırılmasına xidmət edən sosial paketlər, minimum əməkhaqqının bir ildə iki dəfə artırılması da Nikol Paşinyanın əleyhinə qarşı yönəlmiş təbliğatda əsas silahlardan birinə çevrilib. Belə ki, əhali bu faktları,  Nikol Paşinyana tez-tez xatırladır. Üstəlik, real həyatla dediklərinin ziddiyyət təşkil etdiklərini də bildirirlər.

Elə bu səbəbdən əhali arasında Nikol Paşinyanın reytinqi düşməkdədir. Hətta Ermənistan prezidenti Armen Sarkisyan əhali arasında populyarlıq göstəricisinə görə daxili, eləcə də xarici siyasətdə uğursuzluqlara düçar olmuş Nikol Paşinyanı üstələyib. Belə ki, baş nazirin reytinqi 56, prezidentin reytinqi isə 61 faiz təşkil edir. Bununla bərabər hakim “Mənim addımım” blokunun reytinqi 52 faizə qədər geriləyib. Bəzi mənbələrə görə, Nikol Paşinyan reytinqini üstələmiş təcübəli diplomatı da zərərsizləşdirmək, onun imicinə xələl gətirmək fikrinə düşüb.

Bütün bunlara rəğmən Nikol Paşinyan tribunalardan vəziyyətin yenə də yaxşı olduğunu bəyan edir. Lakin fakt budur ki, daha populist çıxışlar ona  kömək edə bilmir. Bütün bunlar isə bir daha onu göstərir ki, dünyanın əksər ölkələri üçün etibarsız tərəfdaşa çevrilən Ermənistanda bu yaxınlarda hansısa çevrilişın olacağı istisna deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”