19 mart 2019 10:57
674

Paşinyanın qara günləri hələ qabaqdadır

“Ərazilərimiz Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən Levon Ter-Petrosyanın hakimiyyəti zamanı işğal edilsə də, o, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində siyasi iradə nümayiş etdirməyə cəhd göstərən ilk Ermənistan prezidentidir. Elə bu səbəbdən o, 1998-ci ildə istefaya verməyə məcbur edildi. Robert Koçaryanın, eləcə də Serj Sarkisyanın dövründə isə münaqişənin həlli istiqamətində elə bir ciddi irəliləyiş qeydə alınmadı”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında siyasi elmlər doktoru Hatəm Cabbarlı söylədi.

H.Cabbarlı bildirdi ki, 2018-ci ildə “məxməri inqilab” zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində pozitiv fikirlər ortaya atıldı: “Amma az sonra Nikol Paşinyanın daha realist siyasət həyata keçirəcəyinə dair ümidlər özünü doğrultmadı. Nikol Paşinyan hakimiyyəti ələ keçirəndən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində müxtəlif fikirlər səsləndirdi. Belə ki, o, əvvəlcə qondarma rejimin müzakirələrdə tərəf kimi iştirakını  gündəmə gətirdi. Qeyd edək ki, bu taktika uğurlu nəticə vermədiyindən daha əvvəlki hökumətlər bundan əl çəkmişdilər. Nikol Paşinyan isə uğursuzluqla nəticələnmiş bir təcrübəni yenidən həyata keçirməyə cəhd etdi. Bunu isə onun və ətrafındakıların siyasi cəhətdən savadsız olmaları ilə izah etmək olar. 

İkincisi, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşinyan onu qondarma rejimdə yaşayan ermənilərin baş nazir seçmədiklərini “əsas” gətirərək Dağlıq Qarabağ probleminin həll edilməsinin səlahiyyətləri daxilində olmadığını bildirdi. Fikrimcə, bu bəyanat, əslində, Nikol Paşinyanın “qondarma rejim müzakirələrdə tərəf olsun” siyasətinin məzmunca eyni, formaca dəyişik şəkildə təkrarlanmasından başqa bir şey deyil. Şübhəsiz, danışıqların formatını dəyişmək üçün göstərilən hər hansı cəhdlər onun pozulmasına doğru aparır. Ona görə də formatın dəyişdirilməsi məsələsini təkcə Azərbaycan deyil, eləcə də vasitəçilər və bütövlükdə Qərb rədd edir”.

Müsahibimiz, həmçinin vurğuladı ki, ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə yiyələndikdən sonra erməni ictimai rəyini sülhə hazırlamaq yönündə hər hansı fəaliyyət göstərməyib: “Əksinə, ölkə daxilində öz siyasi mövqelərini daha da gücləndirməklə məşğul olan Nikol Paşinyanın verdiyi bəyanatlara, yürütdüyü siyasətə diqqət yetirdikdə aydın başa düşmək olur ki, o, buna heç əhəmiyyət də vermir. Görünən odur ki, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ciddi siyasəti yoxdur. O da özündən əvvəlki hakimiyyətlər kimi prosesi uzatmaqda maraqlıdır.

Deyəsən, onun bu “şıltaqlığına” son qoyulacaq. Belə ki, son illər həm Avropa İttifaqı rəhbərlərinin verdiyi açıqlamalarda, həm də Avropa Parlamentinin qəbul etdiyi bütün qətnamələrdə ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülür. Bu isə  artıq Ermənistanın beynəlxalq arenada sıxışdırılması prosesindən xəbər verir. Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumunda da iştirak edən keçmiş və indiki baş nazirlər, müxtəlif ölkələrin rəsmiləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etdilər. Bunu həm də rəsmi Bakının fəal xarici siyasəti ilə əlaqələndirmək olar. Şübhəsiz, bütün bunlar ölkəmizin xeyrinədir.

Digər tərəfdən, münaqişənin həllinin uzadılması bölgənin təhlükəsizliyini artırmaqla yanaşı, işğalçı ölkənin iqtisadi durumunu daha da pisləşdirir. Son günlər Ermənistanda bir-birini əvəz edən etiraz aksiyaları da bunu bir daha sübut edir. Erməni mənbələrinin verdikləri məlumatlara görə, Ermənistanda bundan sonra daha çox etiraz aksiyaları keçiriləcək. Məsələn, Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan martın sonunda vədlərinə xilaf çıxmış yeni hakimiyyətin əleyhinə etiraz aksiyası keçirməyə hazırlaşır. Bütün bunlar isə qarşıdakı günlərdə Ermənistanı, həmçinin Paşinyanı heç də sakit günlər gözləmədiyindən xəbər verir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”