Baş nazirin yolu Cəbrayıla deyil, arxiv köşələrinədir
Prezident, Ali Baş Komandan İlham Əliyevin artıq aforizmə çevrilən, dillər əzbəri olan «Nə oldu, Paşinyan?..» sözləri indi Ermənistanda da təkrarlanır. Vətəndaş müharibəsi astanasında olan işğalçı ölkənin rəsmi şəxslərinin, hətta baş nazirə yaxın çevrələrin «nə oldu, Paşinyan?» deyə hesabat istəməsi, bivec baş nazirin istefasını tələb etməsi ölkədəki gərginliyi pik həddə çatdırıb. «Çiçəklənən Ermənistan» partiyasının parlament fraksiyası respublikanın xüsusi xidmət orqanlarını, Milli Təhlükəsizlik Xidmətini, polisi, hüquq- mühafizə orqanlarını ölkədə yaranan vəziyyət üçün günahkar olan Paşinyan haqqında tədbir görülməsini tələb edir. Paşinyanın «Facebook»da yayımladığı «Bu gün cəbhə bölgəsindən gələn əsgərlərin onlarla videosuna baxdım. Onların düşüncəli olmasına heyran qaldım. Əsgərlər, haqlısınız. İrəvanda sizi gözləyirəm. Nəhayət , qapıların arxasında durub ulayanları susdurun» yazısından əsəbiləşən rəsmi dairələr bildirirlər ki, belə səviyyəsiz ittiham səsləndirən Nikol Ermənistanın milli təhlükəsizliyi və cəmiyyət üçün təhdiddir. Onun vəzifədə qaldığı hər gün Ermənistanın suverenliyini təhlükə altına qoyur. Qısası, siyasi qüvvələrin fəallaşması, meydanlarda Paşinyanın istefası ilə bağlı tələblərin artması, «Daşnaksütyun» partiyasının təmsilçisi Qeam Manukyan kimi başqalarının da Paşinyana qarşı cinayət işlərinin açılması ilə bağlı çağırışları vəziyyəti daha da gərginləşdirir.
Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra işğalçı ölkədə yaranan siyasi böhranın qarşısıalınmaz hala gəlməsi, iqtisadi, sosial problemlərin artması o deməkdir ki, sərxoş vəziyyətdə yallı gedən, «Qarabağ Ermənistandır, nöqtə» kimi sərsəm bəyanatlar səsləndirən Paşinyanın hakimiyyətinə «nöqtə» qoyulmasının vaxtıdır. Pafoslu çıxışları, sorossayağı siyasəti ilə ölkəni fəlakətə sürükləyən Paşinyanın istefasını tələb edənlərə qarşı kütləvi həbslərə göz yuman beynəlxalq təşkilatların həmişə olduğu kimi, bu gün də xunta rejiminə, Ermənistanda baş verənlərə, demokratiyanı diktatura ilə əvəzləyən Paşinyanın əməllərinə göz yumanlar etirazçıları daha da əsəbiləşdirir.
Noyabrın 10-da hərbi kapitulyasiya ilə bağlı bəyanatı imzalamaqla Azərbaycan qarşısında məğlubiyyətini etiraf edən baş nazirdən ölkəni rəzil vəziyyətə saldığı üçün hesabat tələb edənlərin polis zorakılığına məruz qalmaları belə insan hüquqlarının qorunmasına nəzarət edən beynəlxalq təşkilatları maraqlandırmır. Necə deyərlər, Ermənistanda «itin dişi, donuzun dərisi» misalına bənzər vəziyyət yaranıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Armen Vanetsyan Paşinyan haqqında cinayət işinin açılmasını tələb edir: «Ermənistanda hakimiyyət demək olar ki, yoxdur. Baş nazir artıq hüquq-mühafizə orqanlarına etibar etmir. O, siyasi rəqiblərini sıxışdırmaq üçün qruplaşmalar yaradır» söyləyən Vanetsyan açıqlamasında faktlara da istinad edir. Paşinyanın oğlunun etirazçılara qarşı quldur dəstələrini formalaşdırması, döyüşlərdə ölən erməni əsgərlərinin meyitlərinin valideynlərinə təyin olunmuş rüşvət müqabilində verilməsi, yeni doğulan körpələrə arayış üçün atasının döyüşlərdə iştirakı ilə bağlı sənədin tələb olunması, bu «qaydalara» Paşinyanın arvadının nəzarət etməsi ölkə vətəndaşlarını daha da hiddətləndirir.
Ermənistanın prezidenti Armen Sarkisyan isə vəziyyətin normal hala gəlməsini ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsində görür. «Böhranla üzləşən iqtisadiyyatımız ciddi sosial problemlər yaradıb. Buna görə də biz reallığı inkar edib, adi həyatımızı davam edə bilmərik» deyən prezident Sarkisyan ölkədəsi qarşıdurmanın daha acınacaqlı vəziyyət yaradacağını etiraf edir. Ölkədə miqrasiyanın sürətlənməsi də Paşinyan iqtidarının vətəndaşların problemlərinə laqeyd münasibətinin göstəricisidir. Belə ki, 2017-2020-ci illərdə 22 min 277 nəfər Ermənistanın vətəndaşlığından imtina edib. 2020-ci ildə 3 min 313 nəfər yazılı surətdə işğalçı ölkənin vətəndaşı olmaq istəmədiyini rəsmən bildirib.
Nasizmin, faşizmin çiçəkləndiyi Ermənistanda müharibənin beynəlmilləşdirilməsi səyləri də özünü doğrultmadı. Müstəqil dövlət olmadığı üçün daim başqalarının çaldığı havalara oynayan Paşinyanın bu yolla özünə tərəfdar qazanmaq niyyətini Müzəffər Ali Baş Komandanımız və Azərbaycanın rəşadətli ordusu fiaskoya uğratdı.
«Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmilləşdirmək üçün heç bir cəhd olmamalıdır» söyləyən Prezident İlham Əliyevin sözlərini Paşinyanın müxtəlif dövlətlərə yardım üçün etdiyi müraciətlərin cavabsız qalması da təsdiqləyir. Döyüş meydanlarında gücsüz olduğunu imzaladığı hərbi kapitulyasiya ilə təsdiqləyən Paşinyan şahmat taxtasında piyadalarını qırğına verən cəsarətsiz komandan kimi “mat” vəziyyətindədir.
Hadisələr göstərir ki, Cəbrayıla yol çəkdirmək istəyən Paşinyanın bu gün üzünə bütün yollar bağlanıb. «Ölüm, ya olum» seçimi qarşısında qalan baş nazir üçün ən rahat yer siyasətdə məğlub olan rəzillərin taleyinə yazılan kif atmış arxiv köşələri, mükafatı xalqının, qırğına verdiyi əsgərlərinin lənətidir. Yaddaşsız baş nazirə bir daha xatırladaq ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Xuraman İsmayılqızı, «İki sahil»