KÖŞƏ

Vəli İlyasov

Paşinyanın qələbəsi, yoxsa Ermənistanın gələcək müsibətlərinin başlanğıcı?!

11 dekabr 2018 23:37
2158

“Ermənistanda növbədənkənar parlament seçkiləri təhdid və nifrət atmosferində, eləcə də birbaşa dövlət başçısının şəxsi təzyiqi fonunda keçirildi”. Bu barədə keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının sözçüsü, hazırkı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

Şarmazanov qeyd edib ki, parlament seçkiləri tamamilə qeyri-demokratik və biabırçılıqla  keçdi: “Seçkinin nəticələrini tanıyıb-tanımamaqla bağlı partiya olaraq bəyanat yayacağıq. Lakin bu seçkilər Respublika Partiyasını ruhlandırdı. Aydın oldu ki, Nikol Paşinyanın bütün addımları, partiyamız haqqında bütün nekroloqları boş fikirlərdir. Ümumi təzyiq və təhdidlərə baxmayaraq, 60 min vətəndaş Paşinyana “yox” dedi. 9 dekabr Respublika Partiyasının təsis günüdür. İllər sonra 60 min vətəndaş 600 min vətəndaş olacaq”.

Qeyd edək ki, dekabrın 9-da  keçirilən seçkilərdə Respublika Partiyası parlamentə düşə bilməyib. Ancaq təyin edilmiş barajı keçə bilməyən təkcə bu partiya deyil. Ermənistanda daim at oynadan bədnam Daşnaksütyun Partiyası da 5 faizlik barajı aşmağı bacarmayıb. Təbii ki,daşnaklar seçilə bilməmələrinin səbəblərini özlərində deyil, Nikol Paşinyanın onlara qarşı yeritdiyi siyasətdə axtarırlar. Qeyd edək ki,bu partiya cəmi 3,9 faiz səs toplayaraq parlamentə düşə bilməyib. Daşnaksütyunun rəhbəri Armen Rüstəmyan məğlubiyyətlərinin səbəbini belə izah edib ki, partiyasının qazandığı səslər Paşinyanın tapşırığı ilə gizlədilib. Onun partiyası yüz iyirmi  ildən çox mövcud olduğu müddətdə heç vaxt bu cür alçaldıcı məğlubiyyətə uğramayıb. Dünyaya səpələnən işgüzar ermənilər, milli diaspot təşkilatları da həmişə ona maddi və mənəvi dəstək veriblər. Bir sözlə, Daşnaksütyun indiyədək Ermənistanın siyasi-ictimai həyatında favoritlik edib. Armen Rüstəmyan açıq söyləyib ki, Daşnaksütyun sabiq prezident Robert Koçaryanın həbsinə narazı olduğunu bildirdiyi üçün Paşinyan ondan qisas alıb. Belə məlum olur ki, daşnaklar oynadıqları ikili oyunun qurbanı olublar.

Ölkənin ictimai-siyasi mühitində kifayət qədər çəkisi olan “Qarabağ klanı”nın başçıları  ağır məğlubiyyətə uğrasalar da hələlik səslərini çıxarmırlar. Bir zamanlar Azərbaycan torpaqlarına diş qıcayanlar indi peşman olublar. Paşinyanın “Azərbaycanın boş qalmış torpaqları lazım deyil, onu öz sahibinə qaytarmaq lazımdır” sözləri silah oynadanların canına qorxu salıb. Çünki onları hər şeydən sonra Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərə görə cinayət məsuliyyəti gözləyir. Paşinyan açıq söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin ona heç bir dəxli yoxdur. Dağlıq Qarabağın öz rəhbərliyi var, Azərbaycanla danışmaq onun işidir. İşğalçılıq planının müəllifləri və icraediciləri bu fikrin arxasında nələrin dayandığını anlayırlar. Paşinyanın bu sözlərindən sonra Suriyadan, Livandan və digər ölkələrdən yaşamağa gələn adamlar və hətta yerli əhalinin imkanı olan ailələri  Dağlıq Qarabağdan qaçmağa başlayıblar.

Ermənistan cəmiyyətində elə bir şok yaranıb ki, indiyə qədər buna bərabər gərginlik olmayıb. İndi İrəvanda bir neçə tirəlik yaranıb. Vəziyyətdən çıxmaq üçün ayry-ayrı qüvvələr yalnız öz başlarının hayına qalıblar. Onlar yaxşı başa düşürlər ki, Paşinyanın qələbəsi gələcək müsibətlərin başlanğıcıdır. O, siyasi rəqiblərini darmadağın etmək üçün şans qazanıb və bundan lazımınca istifadə edəcək.