Paşinyanın saqqalına dolaşan Ermənistan... - VİDEO

15 may 2019 16:54
225

Onu Leninə bənzədirlər, həm saqqalına, həm daz başına, həm də “aprel tezisləri”nə görə...

Lenin bolşevik inqilabını etmək üçün 1917-ci ilin 3 aprelində Avropadan Rusiyaya qatarla gəldi, bir gün sonra – aprelin 4-də tarixə “aprel tezisləri” adı ilə düşən çıxışını etdi, nəticədə çarı devirə bildi.

Düz bir əsr, bir il sonra – 2018-ci ildə Leninin sosializm gətirdiyi, elə sosializm quruluşunda ən böyük fırıldaqları etmiş, “qırmızı imperiya”da qoyun dərisi geyinmiş qurd kimi yaşayan və imkan tapan kimi dərilərindən çıxıb Azərbaycan torpaqlarını işğal edən ermənilər saqqalı və daz başı ilə Leninə bənzədilən Paşinyanın dalınca düşüb öz çarlarına qarşı üsyana qalxdı. Paşinyanın “aprel tezisləri” üzə çıxdı, Sarkisyanı devirdilər və “ağ günə çıxdıq” dedilər, hərçənd, özünü “tin uşaqları” kimi aparan Nikol “Baqramyan 33”-ün tinindən uzağa gedə bilmədi. Paşinyanın “proletar inqilabı” Ermənistana təəssüfdən başqa bir şey vermədi.

- İşsizlər ordusunda tərxis təxirə salındı, sıraları genişləndi;
- Xarici borc xirtdəyə qədər yığıldı;
- Paşinyanın “tin uşaqları” komandasının üzvləri oliqarxlaşdı.
- Son bir ildə intiharların sayı 20 faiz artdı;

Erməni şərhçi Samvel Ohanesyan Ermənistandan “leninizm” iyinin gəldiyini yazır.

“Əvvəlki kimi məmurlar öz qohumlarını vəzifələrdə yerləşdirir, valideynlər övladlarının orduya getməsinə qarşıdırlar. Paşinyanın komandasında təmsil olunan milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan enerji sektorunda biznes qurur, İrəvandakı tenderlərdə nədənsə həmişə mer Ayk Marutyan qalib gəlir. Paşinyan isə Lenin obrazında xalqa yaxınlıq göstərir, hərçənd bu, ədabazlıqdır... Əgər aydınlaşacaqsa ki, islahatlar barsız oldu və baş nazirin komandası, deputat korpusu qeyri-peşəkardır və biz sadəcə təcrübəli boşboğazın yaltaq vədlərinə inanmışıq, o zaman, inqilabı dəfn etməli olacağıq”, - deyə erməni şərhçi qeyd edir.

Paşinyan erməniləri kəndirə apardı, Lenin kimi... “Yaşamaq üçün ölmək lazımdır”, bəlkə də bu fəlsəfə böyük epoxaların qurulmasında və dağılmasında rol oynaya bilər, lakin kiçik Ermənistan acından ölməmək üçün yaşamağa çalışır...

Nikol isə saqqalını tumarlaya-tumarlaya hələ də “inqilabi zəfərindən” dəm vurur.

Və bəlkə də ən böyük sirr elə onun saqqalındadır?! Bunu özündən, bir də bir yastığa baş qoyduğu Annadan savayı kiminsə bilməsi ehtimalı azdır.

Allahın hər günü “Qarabağda sülhdən” danışan, amma öz oğlunu işğal altındakı torpaqlara göndərməklə “müharibə Allahına səcdə edən” Anna Akopyanın “bahalı həyat” üçün Paşinyanın “başının ətini” yediyi də deyilir. “Birinci ledi”nin ötən il hələ bu statusu rəsmi qüvvəyə minməmiş helikopterlərdə gəzintilərə çıxması, təcili sürətdə “prezident mülkinə” daşınması haqqında çox danışıldı. Əslində bu xəbərlər həm də Nikolun siyasi Olimpə qalxmasından keçən müddətdə saqqalına düşən dənlərin səbəblərini də aydınlaşdırır.

“Böyütdükcə bizi sən
Dən düşür saçlarına”.

Bu misralar haradan gəlib bura düşdü bilmirəm, amma Paşinyanın “uşaqlarının anası” Akopyanın böyüyən istəklərini qarşıladıqca saqqalının ağardığı da müşahidə olunur. Zarafat deyil, Ermənistan mətbuatı Annanın hakimiyyətin gizli “boz kardinalı” olduğunu və qərarların onun verdiyini yazır, hətta heç Raisanın Qorbaçova belə zülm etmədiyini deyirlər...

Nə isə, Ermənistanın Raisası tacını qoymağında olsun, biz yenə Paşinyanın sirli saqqalına qayıdaq.

Ermənilər Nikolu Leninə saqqal və daz başına görə bənzədirlər, doğrudur, birincinin başı da ikinci kimi dazdır, amma saqqal məsələsində bir az əmma var. Kommunistlər inciməsin, Lenin “keçi saqqal” idi, Paşinyan isə “topa saqqal”.

Nə dəxli var, deyib keçməyin, səbir edin, hər şey elə bu “topa saqqal”da gizlənib.

“Topa saqqal” indi Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsində məşhurdur, hətta Messi belə topa saqqal saxlayırdı. Deyilənlərə görə, Arda Turan Barselonada olanda “mənim saqqalım var, ağsaqqal mənəm” deyirmiş, Messi də ağsaqqal olmaq həvəsinə düşərək, saqqal buraxıb. Siz bu deyilənlərə çox da fikir verməyin, əsas məsələ “topa saqqal”ın haradan gəldiyidir.

“Topa saqqal” adətən Osmanlı dövründə məşhur idi və əsasən türklərin üslubu olaraq tanınır, elə Azərbaycana da, dünyanın bəzi ölkələrinə də Anadolu çöllərindən yayılıb.

İndi deyəcəksiniz ki, Paşinyan hara, Osmanlı hara. Elə biz də bunu demək istəyirdik ki, qabağımıza çıxan bir, yox iki xəbər sözümüzü ağzımızda qoydu.

“Paşa”: bu, Paşinyanın adındakı ilk 4 hərfdir. “Paşa” Osmanlıda əyalətləri idarə edən “sərdarlara” deyilirdi və belə görünür ki, Paşinyan da Qərbin Ermənistandakı “paşasıdır”, yəni sərdarı. Ehtimallar var ki, Qərb “Paşa”nı Ermənistana sərdar təyin etməklə Türkiyəyə qarşı gələcək planlarında piyada olaraq istifadə edəcək. Bu, birinci xəbərdir. İkinci isə Ermənistanda “Paşinyan hakimiyyəti Ermənistanı məhv etməyə və “Böyük Turan”ın qurulmasına xidmət edir” ittihamlarıdır. Hər iki xəbər türklərlə bağlıdır və bunun fonunda Paşinyanın “topa saqqalı” gözə tikan kimi batır.

Amma Paşinyanın saqqalının biçiminin Konçitanın saqqalına bənzərliyi də az deyil və bu oxşarlıq Nikolun “homoseksual eşqi” fonunda diqqət çəkir. Bir ölkənin ki qadın qəhrəmanı Kardaşyan, kişi qəhrəmanı Njde, Andranik, Melkonyan kimi mütrif ola... rəhbərinin Nikol olması o qədər də təəccüblü deyil.